Niderlandın səfiri və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mingəçevirdə reallaşdırılan layihələrlə tanış olublar
Bakı, 14 fevral, AZƏRTAC
Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers və BMT-nin Uşaq Fondunun (UNICEF) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin Azərbaycan hökuməti ilə birgə beynəlxalq əməkdaşlıq proqramına uyğun olaraq bölgələrdə həyata keçirilən layihələrin icra vəziyyəti ilə yaxından tanışlıq məqsədilə Mingəçevirə səfər ediblər.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılovla görüşərək müzakirələr aparan qonaqlar Mingəçevir Gənclər Evinin qonağı olublar. Gənclər Evinin fəaliyyəti, könüllüləri, texniki imkanları və layihələri barədə ətraflı məlumat verən müəssisənin direktoru Tural Kərimov qazanılan uğurlardan danışıb.
Qonaqlar ayrı-ayrı dərnək, klub və digər strukturların işi ilə yaxından tanış olaraq yeniyetmə və gənclərlə fəal müzakirələr aparıblar, onlara tövsiyələrini veriblər. Rəsm klubu üzvlərinin əsərlərindən ibarət sərgi qonaqların xüsusi marağına səbəb olub. İstedadlı gənclərin çəkdikləri qrafik rəsmlər qonaqlara hədiyyə edilib.
Sonra BMT-nin Uşaq Fondunun Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirdiyi “Əsas həyat bacarıqları” layihəsinin təlimində iştirak edən nümayəndələr onun icrasından məmnunluqlarını bildiriblər.
Onno Kervers və Edvard Karvardin, həmçinin media nümayəndələri ilə görüşərək onların suallarını cavablandırıblar.
Daha sonra Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionuna gedən qonaqlar burada AFFA-nın da dəstək verdiyi “Qızlar bacarır” layihəsi çərçivəsində yaradılan futbol komandasının üzvləri və məşqçiləri ilə görüşüblər. Görüşdə qadın futbolunun təbliği və cəmiyyətdə gender bərabərliyinin təmin edilməsi baxımından bu layihənin əhəmiyyəti vurğulanıb.
Sonda səfir O.Kervers komandaya Niderland istehsalı olan iki top hədiyyə edib.