Nizami Kino Mərkəzində “Dolu” filminin surdoloji variantı nümayiş olunub
Bakı, 7 may, AZƏRTAC
...Dağların ətəyində uluların yadigar qoyub getdiyi kənd. Qara-boz rəngə boyanmış buludlar çətir kimi kəndin üstünə çöküb. Çaxan ildırımlar indicə qubar bağlamış buludların sanki göz yaşını axıdacaq. Elə belə də olur...
Kənd evlərindən birinə düşən mərmi hələ yataqdan qalxmayan ana ilə balaları vahiməyə salır. Ana o andaca balalarını sinəsinə sıxır. Atılan mərmilərin sayı çoxaldıqca dağılan evlərin sayı da artır. Camaat başılovlu bu bəladan uzaqlaşmaq üçün qaçır.
... Yaşlı bir qadın çöhrəsində kədər və iztirab evinin aynabəndində havada yağış kimi süzən mərmiləri seyr edir. Atılan növbəti mərmi onun aynabəndinə tuş gələrək ağbirçək qadını yaralayır...
Dəhşətli səhnələr bir-birini əvəz edir. Filmin kadrları salona toplaşan seyrçiləri bir az da olsun öz təsirindən çıxmağa qoymur.
AZƏRTAC xəbər verir ki, Nizami Kino Mərkəzində Əlil Ziyalılar Birliyinin “Kino hər kəs üçün” layihəsi çərçivəsində görmə və eşitmə qabiliyyəti məhdud olanlar üçün xüsusi surdotərcümə olunmuş “Dolu” filminin nümayişi həmin bir-birini əvəz edən kadrlarla başlayıb.
Filmin nümayişindən əvvəl “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənəti növlərinin öyrənilməsinə yardım göstərilməsi” layihəsinin rəhbəri Reyhan Cəfərova bu sahədə son illər görülən işlər barədə məlumat verib.
Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva Gözdən Əlillər Cəmiyyətinin hazırladığı tiflo və surdofilmlər nümayişinə iki il əvvəl başlanıldığını və “Dolu” filminin təqdim olunmasının da həmin tədbirlərin davamı kimi dəyərləndirib.
Filmin ssenari müəllifi, Milli Məclisin deputatı Aqil Abbas Şuşanın işğal günü ərəfəsində belə bir tədbirin keçirilməsini və filmin sağlamlıq imkanı məhdud olanlar üçün uyğunlaşdırıldığını təqdir edib, bu sahədə görülən işlərin əhəmiyyəti və zəruriliyindən danışıb.
Qarabağ torpaqlarının müdafiəsi uğrunda döyüşlərdə şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad ediləndən sonra salona toplaşan görmə və eşitmə qabiliyyəti məhdud olanlar üçün “Dolu” filmi nümayiş olunub.