Nizami rayonunda 46 mindən çox sakinin tibbi müayinələrdən keçirilməsi təmin olunmuşdur
Bakı, 7 aprel (AZƏRTAC, Nihat Budaqov). Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək ölkə əhalisinin icbari tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Nizami rayonunda da böyük ruh yüksəkliyi ilə icra olunur.
Rayon əhalisinin tibbi müayinəsinin yüksək səviyyədə və mütəşəkkil təşkili məqsədilə Nizami Rayon İcra Hakimiyyətində müvafiq komissiya yaradılmış və xüsusi qrafik tərtib edilmişdir.
AZƏRTAC xəbər verir ki, ərazi üzrə sakinlərin tibbi müayinədən keçirilməsi məqsədilə 18 nömrəli birləşmiş şəhər xəstəxanasının poliklinikasında bütün lazımi işlər görülmüşdür. Rayon əhalisi tibbi müayinələrdə mütəşəkkil qaydada iştirak edir və müayinələrdən keçən sakinlər tibb müəssisələrində yaradılmış şəraitdən razılıqlarını bildirirlər.
İcbari tibbi müayinənin davam edəcəyi müddətdə rayon üzrə 18 yaşdan yuxarı 115 mindən çox sakinin kampaniyadan faydalanması nəzərdə tutulmuşdur. İndiyədək rayon üzrə 46 min 638 nəfərin tibbi müayinələrdən keçirilməsi təmin olunmuşdur. Onlardan 2 min 458 nəfərə ambulator, 153 nəfərə isə stasionar müalicə kursu təyin edilmişdir.
Müayinələrin aparıldığı 18 nömrəli birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsinin müdiri Şahmar Qədiməliyev rəhbərlik etdiyi səhiyyə müəssisəsinin ən müasir avadanlıqla təchiz edildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu günədək poliklinikada 20 mindən çox sakin tibbi müayinədən keçmişdir. Poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərilməsi məqsədilə müəssisədə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır.
Bakı Texniki Kollecinin tərbiyəvi işlər üzrə direktor müavini İlham Zeynalov poliklinikada yaradılan şəraitdən razılığını bildirmiş və Prezident İlham Əliyev tapşırığı ilə həyata keçirilən bu aksiyanı yüksək qiymətləndirmişdir.
Rayon sakinləri Səbinə Bayramova və Rəna Novruzova da əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.