Nizami rayonunda əhalinin icbari tibbi müayinədən keçirilməsi kampaniyası uğurla davam edir
Bakı, 28 aprel (AZƏRTAC, Nihat Budaqov). Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək ölkə əhalisinin icbari tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Nizami rayonunda böyük ruh yüksəkliyi ilə icra olunur. Rayon əhalisinin tibbi müayinəsinin yüksək səviyyədə və mütəşəkkil təşkili məqsədilə Nizami Rayon İcra Hakimiyyətində müvafiq komissiya yaradılmış və xüsusi qrafik tərtib edilmişdir.
AZƏRTAC xəbər verir ki, qeyd olunan müddət ərzində rayon üzrə 18 yaşdan yuxarı 115 mindən çox sakinin kampaniyadan faydalanması nəzərdə tutulmuşdur. İndiyədək rayon üzrə 70 mindən artıq sakinin tibbi müayinələrdən keçirilməsi təmin olunmuşdur. Onlardan 3 min 181 nəfərə ambulator, 261 nəfərə isə stasionar müalicə kursu təyin edilmişdir.
Keşlə qəsəbəsindəki 32 nömrəli birləşmiş şəhər xəstəxanasının həkim-laborantı Məlahət Qasımova demişdir ki, insanlar vaxtında həkimə müraciət etmədikdə onlarda gizli gedən xəstəliklər xroniki hala keçir. Bu da xəstəliyin müalicəsini çətinləşdirir. Dövlət başçısının bu humanist təşəbbüsü isə xəstəliklərin erkən aşkarlanmasında əvəzsizdir. İllərlə həkimə gəlməyənlər bu aksiya çərçivəsində öz sağlamlıqları haqqında məlumat əldə edirlər.
Bildirilmişdir ki, qəsəbə üzrə sakinlərin tibbi müayinədən keçirilməsi məqsədilə xəstəxanada bütün lazımi işlər görülmüşdür. Əhali tibbi müayinələrdə mütəşəkkil qaydada iştirak edir və müayinələrdən keçən sakinlər tibb müəssisələrində yaradılmış şəraitdən razılıqlarını bildirirlər.
Qeyd olunmuşdur ki, fevralın 17-dən indiyədək xəstəxanada 14 mindən artıq sakin hərtərəfli tibbi müayinədən keçmişdir. Xəstəxanaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərilməsi məqsədilə müəssisədə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır.
Qəsəbədəki 328 nömrəli tam orta məktəbin müəllimi Kəmalə Muradova xəstəxanada yaradılan şəraitdən razılığını bildirmiş və Prezident İlham Əliyev tapşırığı ilə həyata keçirilən bu aksiyanı yüksək qiymətləndirmişdir.
Müayinədən keçən rayon sakinləri İlhamə Mirzəyeva və Çingiz Musayev öz sağlamlıqları barədə məlumat əldə etdikləri üçün və onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.