Nizami rayonunda payız-qış mövsümünə hazırlığın yekunları ilə bağlı müşavirə keçirilmişdir
Bakı, 16 noyabr (AZƏRTAC). Noyabrın 16-da Nizami Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” və rayonda payız-qış mövsümünə hazırlığın yekunları ilə bağlı müşavirə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov müzakirə olunan məsələlərin əhəmiyyətindən danışmış, rayonda bu sahədə görülən işlərdən bəhs etmişdir.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini, tibb xidməti polkovniki Cəfər Məmmədov “Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur bölmələri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə ilə bağlı videoçarx nümayiş olunmuşdur.
“Payız-qış mövsümünə hazırlığın yekunları” mövzusunda məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdiri Babək Tatlıyev bildirmişdir ki, rayonun yaşayış fondundakı 730 binadan 515-i mərkəzi istilik sistemi vasitəsilə, 215-i isə soba ilə qızdırılır. Mərkəzi istilik sisteminə qoşulmuş binaların əksəriyyəti rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin və Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin balansındadır.
Bildirilmişdir ki, 2013-2014-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planı tərtib olunmuş və operativ qərargah yaradılmışdır. Bu plana əsasən ərazilərə ümumilikdə 488 min 500 kvadratmetr asfalt örtüyü salınmışdır. Mərkəzi istilik sisteminin, su və kanalizasiya xətlərinin, istilik məntəqələri və qazanxanaların, soba və tüstü bacalarının normal fəaliyyətini təmin etmək məqsədi ilə müvafiq profilaktik tədbirlər və təmir-bərpa işləri aparılmışdır.
Rayonun elektrik təchizatının yaxşılaşdırılması üçün 630 kilovoltluq iki transformator məntəqəsi quraşdırılmış, iki transformator məntəqəsində isə dörd transformator təzələnmişdir.
Müşavirədə FHN Bakı Regional Mərkəzinin operativ məlumat şöbəsinin rəisi polkovnik-leytenant Vaqif Teymurovun “Yanğının başvermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, III Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşı, daxili xidmət polkovnik-leytenantı Təyyar Paşayevin “Yanğın təhlükəsizliyi qaydaları” mövzularında məruzələri dinlənilmişdir.