Nizami rayonunun Bəhruz Nuriyev küçəsi əsaslı təmir olunur
Bakı, 9 avqust, AZƏRTAC
Paytaxtın Nizami rayonunda Bəhruz Nuriyev küçəsinin Elşən Süleymanov küçəsindən Qara Qarayev prospektinə qədər olan hissəsində təmir işləri icra olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 900 metrə qədər təşkil edir və hazırda burada təmir işləri son mərhələdə aparılır.
Təmir işləri çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənib. Bu işlərə paralel olaraq küçəboyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
Bununla yanaşı, zəruri yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib.
Cari ildə İnvestisiya Proqramına uyğun olaraq, Nizami rayonu üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6 kilometr təşkil edən küçə və yol təmir edilir.