Norveç KİV-ləri “Statoil Azerbaijan” və SOCAR arasında imzalanmış sazişlərdən yazır
Stokholm, 31 may, AZƏRTAC
Norveç KİV-ləri “Statoil Azerbaijan” və SOCAR arasında imzalanmış sazişlərdən yazır.
AZƏRTAC xəbər verir ki, Norveçin “hegnar.no”, “sysla.no”, habelə “aftenbladet.no” nəşrlərində mayın 30-da Bakıda SOCAR ilə Norveçin “Equinor” (əvvəlki “Statoil”) qrupunun bir hissəsi olan “Statoil Azərbaycan” şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidmətinə və Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlər imzalanması barədə məqalələr dərc edilib.
Məqalələrdə qeyd edilir ki, layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkətinin yaradılacağı nəzərdə tutulur.
Bakıdan şərq istiqamətində 120 kilometr aralı, Azəri-Çıraq-Günəşli yatağının yaxınlığında yerləşən “Qarabağ” yatağında hasilata 2021-ci ildə başlanılması nəzərdə tutulur.
Sazişin imzalanmasından sonra “Equinor” qrupunun prezidenti və baş icraçı direktoru Eldar Saetre bildirib: “Sazişlər regionda fəaliyyətimizin növbəti addımıdır. Bu, bizim məhsuldar hövzələrdə mövqeyimizi möhkəmləndirəcək və inkişaf istiqamətlərini müəyyənləşdirəcək. Yataqlar bizim yaxşı tanıdığımız Azəri-Çıraq-Günəşli (AÇG) yatağının yaxınlığında yerləşir. Biz SOCAR ilə birlikdə bu yeni kəşfiyyat layihələri üzrə işləməyi səbirsizliklə gözləyirik”.
Məqalələrdə inkişaf proqramının təsdiq olunacağından sonra yekun investisiya qərarının qəbul ediləcəyi bildirilir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm