NOVOSİBİRKSDƏ DAHİ ÖNDƏR HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 13-15-də Novosibirskdə dahi öndər Heydər Əliyevin 85 illik və Azərbaycan Demokratik Cümhuriyyətinin 90 illik yubileylərinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Bu münasibətlə Naxçıvan Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin başçılığı ilə nümayəndə heyəti Novosibirskə gəlmişdir.
Novosibirsk Vilayət Şurasının sədri Aleksey Bespalikov nümayəndə heyəti ilə görüşmüşdür. O bildirmişdir ki, vilayət ilə Azərbaycan Respublikası arasında səmimi dostluq münasibətləri yaranmışdır. Görüşdə umümmilli lider Heydər Əliyevin dünya miqyaslı siyasi xadim olduğu vurğulanmışdır. A.Bespalikov demişdir ki, Rusiyada, xüsusilə Sibirdə Heydər Əliyevin Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə regionda genişmiqyaslı layihələrin həyata keçirilməsində xidmətlərini yaxşı xatırlayırlar.
Sonda Azərbaycan nümayəndə heyətinin üzvləri Novosibirsk Vilayət Şurasının sədrinə üzərində ümummilli lider Heydər Əliyevin şəkli toxunmuş xalça hədiyyə etmişdir.