Noyabr Latın Amerikasında seçkilər ayıdır
Madrid, 3 noyabr, AZƏRTAC
Noyabr ayında Çili, Nikaraqua və Hondurasda prezident seçkiləri, Argentinada qanunverici orqanlara seçkilər, Venesuelada isə müxalifət namizədlərinin də iştirak edəcəyi regional seçkilər keçiriləcək.
AZƏRTAC xəbər verir ki, noyabr ayında Latın Amerikasında keçiriləcək seçkilər Argentina, Çili və Hondurasda siyasi mənzərəni dəyişəcək, Nikaraquada isə gərginliyə səbəb olacaq.
Qarşıdan gələn bazar günü, noyabrın 7-də Nikaraquada prezident, vitse-prezident, 90 nəfər qanunverici və Mərkəzi Amerika parlamentinə 20 nümayəndə seçiləcək.
Noyabrın 14-də Alberto Fernandesin hökuməti Argentinanın qanunverici orqanlarına həlledici seçkilər keçirəcək.
Bu ayın üçüncü bazar günü, noyabrın 21-də Çilidə keçiriləcək prezident seçkiləri 1990-cı ildə ölkə demokratiya yoluna qayıdandan sonra ən ziddiyyətli seçkilər olacaq.
Venesuelalı seçicilər noyabrın 21-də 23 qubernator, 335 mer, həmçinin yerli səviyyədə müşavirlər və deputatlar seçəcəklər. Avqustun 31-də ölkədəki partiyaların əksəriyyəti 2017-ci ildən bəri tətbiq edilən seçkilərin boykotu siyasətinə son qoymağı və namizədlərin vahid siyahısını təqdim etməyi qərara alandan sonra keçiriləcək seçkilərdə müxalifət nümayəndələri də iştirak edəcəklər.
Venesuelada keçiriləcək seçkilərə 15 illik fasilədən sonra Avropa İttifaqından, Karter mərkəzindən və digər təşkilatlardan olan müşahidəçilər nəzarət edəcəklər. Bu, seçki prosesinin şəffaflığını təmin etmək üçün müxalifətin irəli sürdüyü şərtlərdən biridir.
Latın Amerikasında seçkilər ayı noyabrın 28-də Hondurasda başa çatacaq. Bu ölkənin 5 milyondan çox seçicisi Honduras Prezidentini, Konqresin 128 deputatını və Mərkəzi Amerika Parlamentinə 20 deputatı seçməlidirlər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid