Noyabrda istehlak qiymətləri indeksi 101,5 faiz olub
Bakı, 21 dekabr, AZƏRTAC
Bu ilin noyabr ayında istehlak qiymətləri indeksi oktyabr ayı ilə müqayisədə 101,5 faiz, 2021-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 106,2 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi 2021-ci ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 100,9 faiz, cari ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 103,9 faiz olub. Noyabrda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi oktyabr ayı ilə müqayisədə 101,9 faiz, 2021-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 107,4 faiz təşkil edib. 2021-ci ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi oktyabr ayı ilə müqayisədə 100,5 faiz, 2021-ci ilin on bir ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 104,8 faiz olub. Noyabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi oktyabr ayı ilə müqayisədə 101,6 faiz, bu ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 105,4 faiz təşkil edib.