“NÜMUNƏVİ HƏYAT YOLUNUN HEYDƏR ƏLİYEV ZİRVƏLƏRİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Partiyanın sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icraçı katib, Milli Məclisin deputatı Əli Əhmədov konfransda çıxış edərək, ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan xalqının müstəqilliyi yolunda göstərdiyi xidmətlərindən danışmışlar. Bildirilmişdir ki, ulu öndərin dövlət xadimi kimi fəaliyyətinin hər bir sahəsini təhlil etdikdə onun xalqına, Vətəninə son dərəcə möhkəm bağlılığının şahidi oluruq. 1990-cı illərin əvvəllərində Azərbaycanda başlanan milli azadlıq hərəkatını ürəkdən dəstəkləyən Heydər Əliyev, bir çox maneələrə baxmayaraq, xalqı birləşdirməklə qüdrətli dövlət qurmaq vəzifəsini öz üzərinə götürmüşdür. Dahi rəhbərin ölkəmizin inkişafı, xalqımızın sosial rifahının yaxşılaşdırılması üçün həyata keçirdiyi tədbirlər bu gün öz bəhrəsini verməkdədir.
Onun apardığı məqsədyönlü daxili və xarici siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin dövlət idarəetmə işlərinə cəlb olunması, onların ictimai-siyasi proseslərdə fəal iştirakı ücün şərait yaradılması da məhz Heydər Əliyev siyasətinin tərkib hissəsidir.
Tədbirdə filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun “Heydər Əliyev və azərbaycançılıq”, Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimovun “Heydər Əliyevin iqtisadi strategiyasında aqrar siyasətin əsasları”, ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin “Dahi insanın əziz xatirəsi”, Milli Məclisin şöbə müdiri Aydın Ağayevin “Heydər Əliyev müstəqil Azərbaycanın xarici siyasət xəttinin banisidir”, Azərbaycan Sosial Rifah Partiyası ali məclisinin üzvü Müşfiq Həsənovun “Heydər Əliyevin dövlət quruculuğu strategiyasında gənclər siyasəti” mövzusunda çıxışları dinlənilmişdir.