Nursultan Nazarbayev bütün ölkələrdə nüvə sınağı poliqonlarının ləğv olunmasını təklif edib
Nur-Sultan, 29 avqust, AZƏRTAC
Qazaxıstanın paytaxtında nüvə silahı olmayan və qlobal təhlükəsiz dünyada Nazarbayev adına mükafatın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən Qazaxıstanın ilk Prezidenti və Təhlükəsizlik Şurasının rəhbəri Nursultan Nazarbayev bütün ölkələrdə nüvə sınaqları poliqonlarının ləğvi təklifini irəli sürüb və bununla bağlı təcrübə mübadiləsinə hazır olduğunu bildirib. O, eyni zamanda, Nüvə Silahının Yayılmaması barədə Sazişin mexanizminin universallaşmasına və maksimum gücləndirilməsinə nail olmağın zəruriliyini qeyd edib.
Qazaxıstan Təhlükəsizlik Şurasının başçısı son iki onillikdə beynəlxalq monitorinq sisteminin köməyi ilə Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilənin universallaşdırılması sahəsində irəliləyişlərin əldə olunduğunu da vurğulayıb.
Bu il Nazarbayev mükafatına MAQATE-nin keçmiş baş direktoru Yukio Amano (ölümündən sonra) və Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının icraçı katibi Lassina Zerbo layiq görülüb.
Qeyd edək ki, mükafat Nursultan Nazarbayev tərəfindən 2016-cı ildə təsis edilib və iki ildən bir Semipalatinsk nüvə poliqonunun bağlanması günündə - 29 avqustda təqdim edilir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan