Nyu-Yorklu iki qadın terror aktının planlaşdırılmasında təqsirli olduqlarını etiraf ediblər
Vaşinqton, 26 avqust, AZƏRTAC
Nyu-Yorkun Kuins rayonunun iki sakini ABŞ-da terror aktına hazırlıqlar zamanı internetdə bombanın düzəldilməsi üsullarının öyrənilməsində özlərinin təqsirli olduqlarını etiraf ediblər.
AZƏRTAC “CBS News” telekanalına istinadla xəbər verir ki, 31 yaşlı Aziya Siddiki və 35 yaşlı Noel Velentzas ötən həftə Bruklin Federal Məhkəməsi qarşısına çıxıblar. Qadınlar ABŞ-da terror aktlarına hazırlıq məqsədilə partlayıcının düzəldilməsini öyrənmələri, bu barədə və partlayıcıdan necə istifadə olunması haqqında məlumatın yayılmasında təqsirli olduqlarını etiraf ediblər.
Siddiki və Velentzas hələ 2015-ci ildə, Nyu-York polisinin özünü islamı yenicə qəbul edən qadın kimi qələmə verən məxfi zabitinin iştirak etdiyi əməliyyatın gedişində həbs olunmuşdular. Zabit ittiham edilən qadınlarla 2013-cü ildə dostlaşmış və iki il ərzində onların danışığını gizli olaraq qeyd etmişdi. Məhkəmə sənədlərinə əsasən, bu müddətdə Velentzas və Siddiki partlayıcı maddələrin hazırlanması qaydasını, ABŞ-da terror aktında istifadə üçün avtomobil minasının necə düzəldildiyi üsullarını öyrəniblər. Qadınların həbsindən sonra onların yaşadıqları mənzildə axtarış zamanı propan balonları, qaynaq üçün alətlər, avtomobillərin minalardan təmizlənməsi üzrə təlimat, cihadçıların ədəbiyyatı, maçete və digər bıçaqlar aşkarlanıb. Onları 20 ilədək həbs cəzası gözləyir. Lakin hakim hökm çıxarılanadək bu qadınların dörd il həbsdə saxlandıqlarını hesaba alacaq.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton