RƏSMİ XRONİKA
OĞUZ OLİMPİYA-İDMAN KOMPLEKSİ İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Oğuz rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə Oğuz Olimpiya-İdman Kompleksinin təntənəli açılış mərasimində iştirak etdi. Mərasimə toplaşanlar Prezidenti və xanımı Mehriban Əliyevanı səmimiyyətlə qarşıladılar.
Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
Məktəblilər səmaya sülh rəmzi olan ağ göyərçinlər buraxdılar.
Dövlətimizin başçısı komplekslə tanış oldu. Məlumat verildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq tikilən idman qurğusunun inşasına 2007-ci ilin fevralında başlanmışdı. Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa olunan kompleksin smeta dəyəri 7,5 milyon manatdır. “Rövşən-Oğuz-İnşaat” MMC-nin həyata keçirdiyi inşaat işlərinə 150 nəfər cəlb olunmuşdu. İşçilərin orta aylıq əmək haqqı 300-500 manat təşkil etmişdir.
4,5 hektar ərazidə yerləşən kompleksin əsas korpusuna 575 tamaşaçı yerlik tribunaları olan universal idman salonu, trenajor, 100 yerlik konfrans salonları, restoran-bar, habelə inzibati otaqlar daxildir. Digər korpusda 25 metrlik üzgüçülük hovuzu vardır. Kompleksin ərazisində 1850 yerlik tribunaları olan və beynəlxalq standartlara cavab verən futbol stadionu, voleybol, basketbol meydançaları, tennis kortu tikilmiş, idmançıların qalması və istirahəti üçün hərəsi dördnəfərlik 5 kottec tikilmişdir. Stadiona Türkiyədən gətirilmiş süni örtük döşənmişdir.
İdman qurğusunun nasos stansiyası, transformatoru, qazanxanası, hər birinin tutumu 400 kubmetr olan 2 ehtiyat su anbarı, yanğından mühafizə məntəqəsi də vardır. Ərazidə geniş abadlıq işləri aparılmış, çəmənlik salınmış, 6 min ədəd dekorativ gül kolu əkilmişdir.
Prezident İlham Əliyev kompleksin trenajor salonu, üzgüçülük hovuzu, basketbol, voleybol və futbol meydançaları ilə tanış oldu.
Sonra kompleksin açılmasına həsr olunmuş mərasim keçirildi.
Prezident İlham Əliyev mərasimdə çıxış etdi.
######