OĞUZ-QƏBƏLƏ-BAKI SU KƏMƏRİNİN LAYİHƏSİ TEXNİKİ-İQTİSADİ CƏHƏTDƏN ƏSASLANDIRILIR
Qurumun beynəlxalq əlaqələr və inkişaf idarəsinin rəisi İlqar Tağıyev məlumat vermişdir ki, Oğuz və Qəbələ rayonları ərazisindən Bakı şəhərinə yeni su kəmərinin çəkilməsi layihəsi üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması işinə Almaniyanın “CES Konsulting Engineers” şirkəti cəlb olunmuşdur. Şirkət dünyanın əksər ölkələrində su sahəsində layihələr həyata keçirmişdir.
Layihə qrupunun rəhbəri Volf-Piter Thal və şirkətin hidrologiya üzrə beynəlxalq məsləhətçisi Martin Smaxe görülmüş işlər barədə danışmış və bildirmişlər ki, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi üzrə texniki-iqtisadi əsaslandırma ilə əlaqədar işlər bu ilin yanvarında başlanmış və avqustda tamamlanacağı gözlənilir.
Məlumat verilmişdir ki, istismar ehtiyatları (quyular) Oğuz-Qəbələ rayonları ərazisindəki Alazan-Əyriçay düzənliyində və Daşağılçay-Tikanlıçay arası sahədə dəniz səviyyəsindən 430-530 metr yüksəklikdədir. Aparılmış tədqiqatlar göstərmişdir ki, burada layihə üzrə saniyədə 5 kubmetr tələb olunduğu halda, potensial ehtiyat saniyədə 15 kubmetrdir. Ehtiyatlardakı su keyfiyyətinə görə Ümumdünya Səhiyyə Təşkilatının, Avropa Birliyinin və DÜİST-in normativlərinə uyğundur.
Boru kəməri Oğuz-Qəbələ ərazisində yerləşən quyu sahəsindəki sutoplayıcı anbardan başlayaraq Bakıya Çarxana-Göyçay-Ağsu-Udullu marşrutu ilə gələcəkdir. Onun uzunluğu 280 kilometrə yaxın, smeta dəyəri təqribən 300 milyon ABŞ dolları məbləğindədir. Smeta dəyəri ikinci mərhələdə daha dəqiq hesablanacaqdır. Suyun Bakıya 2008-ci ilin mart-avqust aylarında gələcəyi gözlənilir.
Xatırladaq ki, paytaxta yüksək keyfiyyətli bulaq suyu ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ilin dekabrında, Azərbaycan Prezidenti İlham Əliyevin isə 2005-ci ilin sentyabrında verdikləri tapşırığa əsasən çəkilir. Ölkəmizin başçısının Dövlət Neft Fondunun 2006-cı il büdcəsi barədə 2005-ci il 28 dekabr tarixli tarixli Fərmanı ilə Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəməri çəkilməsi layihəsinə cari il üçün 90 milyon AZN vəsait ayrılmışdır.