OĞUZDA GƏNCLƏRİN ÜMUMRAYON TOPLANTISI KEÇİRİLMİŞDİR
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü ilə əlaqədar Oguzda gənclərin ümumrayon toplantısı keçirilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsi və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdən toplantı iştirakçıları əvvəlcə ümummilli liderimizin adını daşıyan parka gəlmiş, ulu öndərin abidəsini ziyarət etmiş, önünə əklil qoymuş, gül-çiçək düzmüşlər. Sonra tədbir iştirakçıları Heydər Əliyev muzeyinə baxmışlar.
Təhsil şöbəsinin akt zalında keçirilən tədbiri giriş sözü ilə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov açmışdır.
Toplantıda rayon icra hakimiyyətinin başçısı Aydın Əlihüseynov, Dövlət Sərhəd Xidməti N saylı hərbi hissəsinin komandiri, polkovnik Kamil Heydərov, rayon gənclər və idman idarəsinin rəis müavini Elçin Kərimov və başqaları çıxış edərək, müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin keçdiyi çətin və şərəfli həyat yoluna bir daha geniş nəzər salmış, ulu öndərin milli ordu quruculuğu, Dövlət Sərhəd Xidmətinin təşəkkül tapması, gənclər siyasəti, bədən tərbiyəsi və idmanın inkişafı sahəsindəki xidmətlərini xüsusi qeyd etmişlər.
Çıxışlarda xüsusi vurğulanmışdır ki, oğuzlu gənclər ümummilli liderimiz Heydər Əliyevin ideya və arzularının həyata keçirilməsində Prezident İlham Əliyevə daim dəstək olacaq, Azərbaycanın daha da çiçəklənməsi naminə qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.
Tədbirin sonunda toplantı iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.