Oğuzda indiyədək 5 mindən artıq sakin tibbi müayinədən keçmişdir
Oğuz, 1 mart (AZƏRTAC). Prezident İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq Oğuz rayonunda da uğurla icra olunur. Dövlətimizin başçısının vətəndaşların sağlamlığına göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirən oğuzlular tibbi müayinələrdə mütəşəkkilliklə iştirak edirlər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, əhalinin tibbi müayinədən keçirilməsi xəstəliklərin erkən aşkar olunması və vaxtında müalicəsi baxımından olduqca əhəmiyyətlidir. Dövlətimizin başçısının təşəbbüsü ilə başlanan bu xeyirxah aksiyanı mütəşəkkil keçirmək üçün rayon icra hakimiyyətində xüsusi komissiya yaradılmış, əhali arasında geniş maarifləndirmə işi aparılmışdır. Aksiyaya rayon əhalisinin 18 yaşdan yuxarı təbəqəsi cəlb edilmişdir. Onların sayı 29 min nəfərə yaxındır. Fevralın 17-dən bu günədək 5 mindən artıq sakin tibbi müayinədən keçmişdir. Onların əksəriyyəti idarə, müəssisə və təşkilatlarda çalışanlardır. Rayon əhalisi müayinə üçün böyük ruh yüksəkliyi ilə tibb ocaqlarına üz tuturlar.
Tibbi müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanasının kollektivi bu məsul aksiyaya çox ciddi hazırlaşmışdır. 2009-cu ildə tikilib istifadəyə verilən bu səhiyyə ocağı ən müasir tibbi avadanlıq və aparatlarla təchiz olunmuşdur.
Xəstəxananın baş həkimi Fazil Alməmmədov bildirmişdir ki, müayinələr zamanı ultrasəs, rentgen və digər tibbi aparatlardan geniş istifadə olunur. Laboratoriyada müxtəlif qan analizlərinin aparılması üçün müasir tələblərə cavab verən zəruri tibbi avadanlıq vardır. Tibbi müayinələr eyni zamanda Xaçmaz kənd sahə xəstəxanasında da aparılır. Həmin xəstəxana da ən müasir tibbi avadanlıqla təchiz olunmuşdur. Xəstəxanalara gəlmək imkanı olmayan sakinləri müayinə etmək üçün 2 səyyar həkim briqadası da yaradılmışdır. Müayinələrin keyfiyyətini artırmaq məqsədilə səyyar həkim briqadalarının tərkibinə həkim-terapevt, mama-ginekoloqla yanaşı, kardioloq, stomatoloq, narkoloq və digər ixtisaslar üzrə həkimlər də daxil edilmişdir. Müayinələr zamanı xəstəliklər aşkar edildikdə, belə xəstələr müalicəyə cəlb olunurlar. Ehtiyac yaranarsa, sağlamlığında ciddi problem aşkarlanan vətəndaşlar müalicə olunmaq üçün Bakı şəhərindəki ixtisaslaşmış tibb mərkəzlərinə göndəriləcəklər.
Xəstəxanada müayinə olunan rayon sakinləri Arif Cavadov, Etibar Əliyev və başqaları həkim və tibb işçilərinin xoş rəftarından, isti münasibətindən razı qaldıqlarını bildirmiş, belə bir nəcib təşəbbüsə görə Prezident İlham Əliyevə oğuzlular adından minnətdarlıqlarını ifadə etmişlər.