OĞUZDA KƏND TƏSƏRRÜFATI İSTEHSALÇILARININ TOPLANTISI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 2008-ci il 21 avqust tarixli Sərəncamından irəli gələn məsələlər Oğuzda kənd təsərrüfatı məhsulları istehsalçılarının ümumrayon toplantısında geniş müzakirə edilmişdir.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynov toplantıda çıxış edərək son illər Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirildiyini, dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq, motor yağları və gübrələrin alınması üçün güzəştlərin edildiyini bildirmiş, nəticədə əhalinin daxili istehsal hesabına müxtəlif növ kənd təsərrüfatı məhsulları ilə təmin edildiyini diqqətə çatdırmışdır.
Kənd təsərrüfatı məhsulları istehsalını daha da artırmaq, fermerlərin yüksək reproduksiyalı buğda toxumu və mineral gübrələrlə təminatını yaxşılaşdırmaq, habelə damazlıq heyvandarlığı inkişaf etdirmək məqsədi ilə dövlət başçısının bu ilin avqustun 21-də növbəti Sərəncam imzaladığı, bu Sərəncamın ölkədə aqrar sahənin inkişafını daha da sürətləndirəcəyi xüsusi vurğulanmışdır.
Bildirilmişdir ki, dövlətimizin başçısının aqrar sahənin inkişafı ilə bağlı imzaladığı sərəncamlardan irəli gələn vəzifələr Oğuzda da uğurla həyata keçirilir. Ötən il 4218 nəfər istehsalçıya 16,1 min hektar əkin sahəsini becərdiklərinə görə dövlət büdcəsindən 644 min manat əlavə yardım ödənilmişdir. 2008-ci ildə 4415 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına becərdikləri 19 min hektardan çox əkin sahəsinə görə 760 min 626 manat yardım hesablanmışdır və bu vəsait tezliklə plastik kartlar vasitəsilə torpaq mülkiyyətçilərinə veriləcəkdir. Dövlətin fermerlərə dəstəyinin nəticəsidir ki, cari ildə rayonda taxıl istehsalı əvvəlki illə müqayisədə 13,7 min ton və ya 47,9 faiz artaraq, 42,4 min tona çatmışdır.
Toplantıda çıxış edən fermerlər, sahibkarlar aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyini yüksək qiymətləndirmişlər.