Oğuzda narkotik becərən şəxs saxlanılıb
Bakı, 11 avqust, AZƏRTAC
Oğuz Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı İrakli Kumsiyev saxlanılıb. Onun şəhər ərazisindəki yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb və qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitə istifadəçisi olduğunu və həmin çətənə bitkilərini bir müddət əvvəl becərərək xüsusi qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb, istintaq aparılır.