Oğuzda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü geniş qeyd olunmuşdur
Oğuz, 11 may (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Oğuz şəhərində keçirilən ümumrayon tədbiri iştirakçıları əvvəlcə ulu öndərin mərkəzi parkda ucaldılan abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri tədbirin keçirildiyi Mədəniyyət Mərkəzinin foyesində ulu öndərə həsr edilmiş sərgiyə baxdıqdan sonra rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxış etmişdir. Bildirmişdir ki, bu günlər respublikamızın hər bir guşəsində, onun hüdudlarından kənarda bütün həyatını Azərbaycan xalqının tərəqqisinə, inkişafına və yüksəlişinə həsr etmiş ümummilli liderimiz, türk dünyasının böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü böyük təntənə ilə qeyd edilir. Heydər Əliyev Azərbaycan xalqının bütün tarixi ərzində yetişdirdiyi ən qüdrətli şəxsiyyətlərdən biridir. O, özünün bilik və bacarığı, təşkilatçılıq və idarəetmə qabiliyyəti, ən başlıcası isə dövlətinə və millətinə bağlılığı ilə ümummilli lider səviyyəsinə yüksəlmişdir. Heydər Əliyevin zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlətçilik idarəçiliyi məktəbinə çevrilmişdir. Xalqımızın bu günü və gələcəyi naminə gördüyü nəhəng işlər Heydər Əliyevə tariximizin yaddaşına əbədi həkk olunmaq hüququ, doğma xalqının qəlbində əbədi yaşamaq səadəti qazandırmışdır.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Azad Əliyev, YAP rayon təşkilatının sədri Saleh Məhərrəmov, rayon gənclər və idman idarəsinin rəisi Ramiz Mahmudov və digər natiqlər çıxış edərək ulu öndərin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışmışlar.
X X X
Mayın 10-da rayonda ümummilli liderin xatirəsinə həsr olunmuş silsilə tədbirlər, idman turnirləri keçirilmiş, yeniyetmə və gənclər 6 kilometr məsafəyə kross qaçışı üzrə yarışmışlar.