Oğuzlular Konstitusiya Gününü qeyd etmişlər
Oğuz, 12 noyabr (AZƏRTAC). Oğuz Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 18-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransda “Azərbaycanın ilk milli Konstitusiyası Heydər Əliyev zəkasının məhsuludur”, “Konstitusiya demokratik cəmiyyətin aynasıdır”, “Konstitusiya hüquqi dövlətin təməlidir” mövzularında məruzələr dinlənilmiş, çıxışlar olmuşdur.
Bildirilmişdir ki, bəşər tarixinə böyük dəyişikliklər əsri kimi daxil olmuş XX əsr Azərbaycan üçün də müstəsna əhəmiyyətli dövr olmuşdur. XX əsrin sonunda xalqımız yenidən öz müstəqilliyinə nail olmuşdur. Dünya azərbaycanlılarının vahid lideri Heydər Əliyevin səyləri ilə xalqın müstəqilliyinin, din, mənəviyyat, vicdan və şəxsiyyət azadlığının Əsas Qanunla - Konstitusiya ilə əbədiləşməsi təmin olunmuş, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir. Diqqətə çatdırılmışdır ki, bu Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olmaqla ictimai-siyasi həyatın bütün sahələrini özündə əks etdirir.
Qeyd olunmuşdur ki, Konstitusiyanın qəbulundan ötən 18 il ərzində Azərbaycanda insan hüquq və azadlıqları tam bərqərar olmuş, ölkəmizdə bəşəri və milli dəyərlər qorunub saxlanılaraq inkişaf etdirilmiş, demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu öz inkişafının ən yüksək dövrünə çatmışdır. Bu gün dinindən, dilindən, irqindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları qardaşlıq ailəsində, hüquq bərabərliyi şəraitində yaşayır, yaradır, respublikamızın mədəni, siyasi və iqtisadi inkişafını təmin edirlər.
Çıxışlarda vurğulanmışdır ki, bu gün Azərbaycan dünyanın inkişaf etməkdə olan ən sabit, nüfuzlu, etibarlı dövlətlərindən birinə çevrilməkdədir. Bu inkişafın bünövrəsi isə məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hazırda Prezident İlham Əliyev bu yolu uğurla davam və inkişaf etdirir, yeni zirvələrə qaldırır. Oğuzlular bu nailiyyətləri Əsas Qanunumuzun bəhrəsi kimi dəyərləndirir, dövlətimizin başçısının Konstitusiyaya sədaqətinin nəticəsi kimi qiymətləndirirlər.