İDMAN
Oleq Stepko: İdman ictimaiyyəti Azərbaycanın dünya gimnastikasında yeni güc mərkəzinə çevrildiyini bilməlidir
Bakı, 21 iyun, Həsrət Mahmudova, AZƏRTAC
Birinci Avropa Oyunlarında gərgin mübarizəmin nəticəsində bir qızıl, iki gümüş və iki bürünc medal qazana bildim.
Bu sözləri birinci Avropa Oyunlarının idman gimnastikası yarışlarında ümumilikdə beş medal qazanmağa nail olan Azərbaycan təmsilçisi Oleq Stepko AZƏRTAC-a məxsusi müsahibəsində bildirib.
Gimnast deyib: "Oyunların məsuliyyəti məni daha ciddi hazırlaşmağa sövq edirdi. Çox həyəcanlıyam, sevincimi sadəcə sizinlə bölüşə bilirəm. Hakimlər idmançıların çıxışlarını çox sərt, lakin ədalətlə qiymətləndirdilər. Amma bununla belə qızıl medal təsadüfi deyil. Dünya kubokunda, indi isə birinci Avropa Oyunlarında qələbəm təsadüfi deyil. Bu, yarışlara səylə hazırlaşmağımın nəticəsidir”.
Atlet Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında iştirak etmək üçün hazırlıqlara başlayacağını vurğulayaraq bildirib: “Orada turu keçmək və Olimpiya Oyunları haqqında düşünmək lazımdır. Hələ irəlidə görüləsi çox iş olsa da, hazırlaşmaq üçün də vaxt var. Ciddi hazırlaşıb uğur qazanmağa çalışacağam. Azərbaycan Gimnastika Federasiyasının mənə göstərdiyi etimadı doğrultduğum üçün çox sevinirəm. Mənə böyük ümidlə baxırdılar və mən bu ümidləri doğrultdum. Ümid edirəm ki, Prezident İlham Əliyev və birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva mənim çıxışımdan razı qaldılar. Dəstəklərinə və mənə inandıqlarına görə onlara dərin təşəkkürümü bildirirəm. Bütün azarkeşlərə minnətdaram. Azarkeşlərə bildirmək istəyirəm ki, sabah Marina Durundanı da dəstəkləməyə gəlin. Çünki sizin dəstəyimiz bizim üçün çox vacibdir”.
Ölkəmizdə idmanın bu növünün inkişafından bəhs edən Oleq Stepko diqqətə çatdırıb ki, idman ictimaiyyəti Azərbaycanın dünya gimnastikasında yeni güc mərkəzinə çevrildiyini bilməlidir. Çalışacağıq ki, bizimlə hesablaşsınlar və bizdən ehtiyat etsinlər. Artıq buna nail olmuşuq. “Birinci Avropa Oyunları zamanı azarkeşlərin dəstəyi məni çox ruhlandırdı. Bu dəstək oyunun çətin məqamlarında köməyimə gəldi. Bu gün də məni dəstəkləyənlərə minnətdarlığımı bildirirəm. Bu, Azərbaycanın uğurudur”, - deyə çempion idmançı əlavə edib.