OLİMPİADANIN AÇILIŞ MƏRASİMİNİN BƏZİ MƏQAMLARI KOMPYUTER QRAFİKASININ MƏHSULUDUR
AZƏRTAC xəbər verir ki, avqustun 8-də Pekində böyük vüsətlə keçmiş Olimpiya oyunlarının açılış mərasiminin bəzi fraqmentlərini Çinin vizual effektlər ustaları kompyuterdə hazırlanmışlar. Çinlilərin bu cəsarətli təşəbbüsü baş tutmuş və yalanı heç kəs sezməmişdir.
Mərasimin başlanması üçün vaxtın geriyə hesablanmasını barabanların sədaları altında televiziya qarşısında, eləcə də “Quş yuvası” milli stadionunda izləyən tamaşaçılar Tyananmen meydanından havaya qalxaraq şəhər üzərinə yayılan fişənglərdən ayrılmış bir neçə nəhəng quyruğu izləmişlər, lakin bunun dəqiq seçilmiş məqamda çəkilişə daxil edilmiş kompyuter qrafikası olduğunu başa düşməmişlər.
Çinin “The Beijing Times” qəzetinin yazdığına görə, stadionun hüdudlarından kənarda atəşfəşanlıq həqiqətən olmuşdur. Bu fantastik mənzərəni lentə almalı olan təşkilatçılar və operatorlar əvvəlcədən belə qənaətə gəlmişdilər ki, pirotexnika qurğularından buraxılan 29 parlaq izin hamısını havada çəkmək qeyri-mümkündür. Nəticədə stadiondakı kamera ilə çəkilmiş sonuncu “quyruq” qeydə alınmışdır.
Vizual effektlərin təmin edilməsi qrupunun rəhbəri Qao Ksyaolonq demişdir ki, 55 saniyəlik ardıcıl kadrlar sırasını yaratmaq üçün, əslində, bir il işləmək lazım gəlmişdir. Mütəxəssislər saxta çəkilişləri hiss etdirməmək üçün gərgin işləmişlər. Qrupun ekspertləri sənaye tüstüsündən duman yaratmaq və çəkilişin vertolyotdan aparılması təəssüratını yaratmalı olan vizual titrəyən kamera effektinə necə nail olmaq barədə Pekin Meteorologiya Bürosunun məsləhətlərini dinləmişlər.
Qao Ksyaolonq demişdir: “Bütün bunların necə alındığını gördükdən sonra deyə bilərəm ki, qurama atəşfəşanlıq əsli ilə müqayisədə daha əla alınmışdır. Tamaşaçıların əksəriyyəti bütün bunların canlı çəkildiyini düşünmüş və deməli, bizim vəzifəmiz yerinə yetirilmişdir”.
Onun sözlərinə görə, texnikadan baş çıxaran tamaşaçıların bu yalanı başa düşəcəklərindən və təşkilatçıları tənqid edəcəklərindən ehtiyatlanırmış. Lakin İnternetdəki şərhlər göstərir ki, nəticə daha çox heyranlıq doğurmuşdur.