Ölkə başçısından hərbi qulluqçuların sosial müdafiəsinə mühüm dəstək
Bakı, 7 noyabr, AZƏRTAC
Yeni imzalanan fərmanlar hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin yeni imzaladığı fərmanlar hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır.
Sənədlərə əsasən xidmət etdiyi qurumdan asılı olmayaraq, bütün hərbi qulluqçuların aylıq vəzifə maaşları 2024-cü il yanvarın 1-dən 20 faiz artırılıb.
Digər Fərmana əsasən Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) hərbi qulluqçularının aylıq təminat xərcliyinin tərkibi optimallaşdırılacaq, həmin kateqoriyadan olan şəxslərə pensiya təyinatı zamanı pensiya məbləğinin hesablanması üçün əsas götürülən hissənin məbləği artırılacaq.
Nəticədə həmin şəxslərə pensiya təyinatı zamanı pensiya məbləğində ciddi artım imkanı yaranacaq, həmçinin onların təminat xərcliyində artım baş verəcək.
Dəyişikliklərdə humanist yanaşma tətbiq edilərək, indiyə kimi hərbi xidmətdən tərxis olunmuş XTQ mənsubları, eləcə də şəhid olmuş XTQ hərbi qulluqçularının ailə üzvləri də unudulmayıb, onların da pensiyalarının artırılması üçün şərait yaradılıb.
Belə ki, dövlət başçısının Fərmanı 2022-ci il dekabrın 1-dən tətbiq edildiyindən hazırda həmin kateqoriyadan olan hərbi qulluqçu kimi pensiya alan şəxslərin, habelə şəhid olmuş XTQ hərbi qulluqçularının ailə üzvlərinin aldığı ailə başçısını itirməyə görə pensiyaların məbləği də yenidən hesablanaraq artırılacaq.