ELM VƏ TƏHSİL
Ölkə üzrə 897 məktəb direktoru 1000 AZN-dən yüksək əməkhaqqı alır
![Ölkə üzrə 897 məktəb direktoru 1000 AZN-dən yüksək əməkhaqqı alır](/files/2024/1/1200x630/17079926223477332201_1200x630.jpg)
Bakı, 15 fevral, AZƏRTAC
Təhsil işçilərinin sosial rifahının artırılması bizim əsas hədəflərimizdəndir. Ümumi təhsil müəssisələrinin direktorlarının aylıq əməkhaqqına şagird sayından asılı olaraq əlavələr tətbiq edilir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, əməkhaqqına əlavələrin tətbiq edildiyi direktorların rəhbərlik etdiyi müəssisələrdəki şagird sayı ölkədəki bütün şagirdlərin 64 faizini təşkil edir. Hazırda ölkə üzrə 897 direktor 1000 AZN-dən yüksək əməkhaqqı alır. Onlardan 285 nəfərin əməkhaqqı 1000-1500 AZN, 456 nəfərin əməkhaqqı 1500-2000 AZN aralığındadır. 156 direktorun əməkhaqqı isə hazırda 2000 AZN-dən yüksəkdir.
Qeyd edilib ki, təhsilverənlərin sertifikatlaşdırılmasının nəticələrinə müvafiq olaraq 2022-ci ildə 9000-ə yaxın, 2023-cü ildə isə 23 mindən çox müəllimin əməkhaqqına əlavələr tətbiq olunub. Ümumilikdə, 32 minə yaxın müəllimin əməkhaqqına əlavələr ödənilir.