Ölkə üzrə mart ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsi tam başa çatıb
Bakı, 16 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu mart ayı üzrə bütün pensiyaların maliyyələşdirilməsini tam başa çatdırıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Novruz bayramının yaxınlaşması ilə əlaqədar pensiyaçıların maraqları nəzərə alınaraq ölkə üzrə pensiyaların bayrama qədərki günlərdə maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görülüb. Dövlət Sosial Müdafiə Fondunun mərkəzi xəzinə hesabından əmək pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsait müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülüb. Pensiyaların maliyyələşdirilməsinə mart ayı üçün 297,0 milyon manat vəsait köçürülüb.
Ötən illərdə olduğu kimi, bu il də Dövlət Sosial Müdafiə Fonduna daxilolmalarda özünü göstərən mütəmadi artım, habelə Maliyyə Nazirliyinin dəstəyi bütün ölkə üzrə pensiyaların maliyyələşdirilməsini bayrama qədər həyata keçirməyə imkan verib.
Bu ilin yanvar-fevral aylarında Fondun gəlirləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 13,3 faiz artaraq 636,6 milyon manata yüksəlib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,33 faiz artaraq 305,1 milyon manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 66,31 faizini və ya 202,3 milyon manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,4 faiz çoxdur. Martın birinci yarısında Fondun orqanları tərəfindən toplanmış məcburi dövlət sosial sığorta haqlarının məbləği ötən ilin mart ayının müvafiq dövrünə nisbətən 23,84 faiz artaraq 109,0 milyon manat olub.
Artım dinamikası bu ilin sonrakı aylarında da əmək pensiyalarının maliyyələşdirilməsini vaxtlı-vaxtında həyata keçirməyə imkan verəcək.
2018-ci il martın 1-nə olan məlumata əsasən ölkəmizdə 1 milyon 318 min 434 nəfər əmək pensiyası alır. Pensiyalar 2017-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım sürətinə uyğun olaraq bu ilin əvvəlindən indeksləşdirilərək 5,7 faiz artırılıb və əmək pensiyalarının orta aylıq məbləği 208,36 manatdan 218,03 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 233,68 manatdan 244,36 manata çatıb.