Ölkədə statistik vahidlərin sayı 146 mini ötüb
Bakı, 3 fevral, AZƏRTAC
2019-cu ildə ölkədə statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 12,2 faiz artaraq bu il yanvarın 1-nə 146 min 233 olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, artım iqtisadiyyatın “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı”, “İnformasiya və rabitə”, “Emal sənayesi”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrində nəzərəçarpacaq dərəcədə olub. “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrindəki statistik vahidlərin xüsusi çəkisi daha yüksək olub. Xüsusi mülkiyyətə aid olan statistik vahidlərin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (30 faiz), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (20 faiz), “Tikinti” (9,9 faiz), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (7,9 faiz), “Peşə, elmi və texniki fəaliyyət” (6,8 faiz) və “Emal sənayesi” (5,7 faiz) sahələrinin payına düşür.
Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (23,7 faiz), İran (10,5 faiz), Rusiya (5,3 faiz), Böyük Britaniya (5 faiz), ABŞ (2 faiz) və Almaniya (1,2 faiz) ölkələrinin sahibkarları tərəfindən yaradılıb.
Ötən il ərzində ləğv edilmiş statistik vahidlərin 20,9 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 14,7 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 14 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 10,3 faizi “Maliyyə və sığorta fəaliyyəti”, 6,9 faizi “Tikinti”, 6,1 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 4,2 faizi “Dövlət idarəetməsi və müdafiə; sosial təminat” sahələrində, qalanları isə digər bölmələrin payına düşür. İl ərzində yeni yaradılmış statistik vahidlərin 37 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 18,6 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 7,9 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 6,3 faizi “Tikinti”, 6 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 5,1 faizi “Emal sənayesi” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.
2019-cu ildə yeni yaradılmış statistik vahidlərin 99,1 faizi xüsusi mülkiyyətli (o cümlədən 17,5 faizi tam xarici investisiyalı, 2,2 faizi birgə mülkiyyətli), 0,1 faizi bələdiyyə mülkiyyətli, 0,8 faizi isə dövlət mülkiyyətli müəssisələrin payına düşür.
Qeydiyyatda olan statistik vahidlərin 58,8 faizi Bakıda yerləşib. Hesabat dövründə yeni yaradılmış statistik vahidlərin 84,6 faizi Bakıda, 4,5 faizi Abşeron, 3,6 faizi Aran, 2,2 faizi Gəncə-Qazax, 1,3 faizi Lənkəran, 1,2 faizi Quba-Xaçmaz və qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıblar. Statistik vahidlərin yaradılması prosesi Bakı şəhərində (16,2 faiz), Abşeron iqtisadi rayonunda (7,4 faiz), Gəncə-Qazax və Quba-Xaçmaz iqtisadi rayonlarında (hər birində 4,3 faiz), Naxçıvan Muxtar Respublikasında (3,9 faiz), Dağlıq Şirvan iqtisadi rayonunda (3,6 faiz), Aran və Yuxarı Qarabağ iqtisadi rayonlarında (hər birində 3,4 faiz) daha fəal olub. Bu dövrdə Bakı şəhəri üzrə 413, Aran iqtisadi rayonu üzrə 42, Abşeron iqtisadi rayonu üzrə 37, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 31, Gəncə-Qazax iqtisadi rayonu üzrə 18, Naxçıvan Muxtar Respublikası üzrə 17, Lənkəran iqtisadi rayonu üzrə 13, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 9, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 7, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 4 və Kəlbəcər-Laçın iqtisadi rayonunda 1 statistik vahid ləğv edilib.
Yanvarın 1-nə ölkədə mövcud olan mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin (fərdi sahibkarlar istisna olmaqla) sayı Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq işçilərin orta siyahı sayı və illik gəliri meyarı əsasında müəyyən edilib. Hesabat dövründə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 92,5 faizini mikro müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (32 faiz), digər sahələrdə xidmətlərin göstərilməsi (16,7 faiz), tikinti (10,3 faiz) və kənd təsərrüfatı (8,3 faiz) sahələrində yaradılıb.
Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 5 faizini kiçik müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (27,4 faiz), tikinti (12,5 faiz), emal sənayesi (10,1 faiz) və peşə, elmi və texniki fəaliyyət (6,9 faiz) sahələrində yaradılıb. Kommersiya təşkilatlarının ümumi sayının 2 faizini orta müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (23,3 faiz), tikinti (17,2 faiz), emal sənayesi (10,9 faiz) və nəqliyyat və anbar təsərrüfatı (6,1 faiz) sahələrində yaradılıb. Yanvarın 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0,5 faizini iri müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (17,2 faiz), emal sənayesi (15,2 faiz), tikinti (13,4 faiz) və nəqliyyat və anbar təsərrüfatı (7,8 faiz) sahələrində yaradılıb. Mikro müəssisələrin 61,9 faizi Bakıda, 11,2 faizi Aran, 7,3 faizi Abşeron, 5 faizi Gəncə-Qazax, 4,8 faizi Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb. Kiçik müəssisələrin 64,7 faizi Bakıda, 8,9 faizi Aran, 6,5 faizi Gəncə-Qazax, 5,9 faizi Abşeron, 3,3 faizi Şəki-Zaqatala, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb. Orta müəssisələrin 62,5 faizi Bakıda, 10,2 faizi Aran, 5,8 faizi Abşeron, 5,7 faizi Gəncə-Qazax, 4,2 faizi Şəki-Zaqatala, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb. İri müəssisələrin 73,9 faizi Bakıda, 7,4 faizi Aran, 5,4 faizi Abşeron, 4,9 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.