Ölkəmiz Amerika Retina Mütəxəssislər Cəmiyyətinin 40-cı Beynəlxalq Toplantısında təmsil olunub
Vaşinqton, 20 iyul, AZƏRTAC
ABŞ-ın Nyu-York şəhərində dünyanın ən çox retina mütəxəssislərinin üzv olduğu Amerika Retina Mütəxəssislər Cəmiyyətinin 40-cı Beynəlxalq Toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, Amerika Retina Mütəxəssisləri Cəmiyyəti ölkənin 50 ştatında, Kolumbiya dairəsində, Puerto Rikoda və 63 ölkədə fəaliyyət göstərən 3000-dən çox həkimi təmsil edən dünyanın ən böyük təşkilatıdır. Cəmiyyət klinik yenilikləri və elmi məlumatın yayımlanmasını və mübadiləsini təşviq edən əsas mənbə kimi xidmət edir. Toplantıda iştirak edən elm xadimlərinin çıxışlarının əsas məqsədi korluğa gətirib çıxan xəstəliklərin öncədən qarşısının alınması metodlarının müzakirəsi və təşviqi olub. Bu xəstəliklərə əsasən, ölkəmizdə də çox rast gəlinən diabet xəstəliyi, yaşla bağlı sarı ləkə xəstəliyi, genetik göz xəstəlikləri aiddir. Bu ilki toplantıda 2000-dən çox göz həkimi iştirak edib.
Cəmiyyətin uzun illərdir üzvü olan Tural Qəlbinur bu toplantıda iştirak edib, Azərbaycanı bu nüfuzlu tədbirdə təmsil edib. Konfransda T.Qəlbinurun travma mövzusunda iki videotəqdimatı olub. Təqdim olunan videolar 44 günlük Vətən müharibəsində yaralanan əsgərlərimizdə aparılan uğurlu cərrahi əməliyyatlardan ibarət olub. Qeyd edək ki, Tural Qəlbinur 2006-2008-ci illərdə İsrailin Yerusəlim şəhərində Hadassah-Hebrev Universitetinin Göz xəstəlikləri kafedrasında vitreoretinal sahədə çalışıb. 2009-2011-ci illərdə isə Kanadanın Toronto şəhərində, Toronto Universitetinin göz xəstəlikləri kafedrasında vitreoretinal cərrah kimi fəaliyyət göstərib.