Ölkəmizdə 171 min 986 məktəbli qızılca və məxmərək əleyhinə peyvənd olunub
Bakı, 20 noyabr, E.Hüseynov, AZƏRTAC
Səhiyyə Nazirliyinin “Respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsi barədə” əmrinə əsasən Bakı və Sumqayıt şəhərlərində, Abşeron və Ağcabədi rayonlarında bu il oktyabrın 14-dən 28-dək 11-15 yaşlı məktəblilər arasında qızılca və məxmərəyə qarşı immunlaşdırma kampaniyası keçirilib.
Bu barədə AZƏRTAC-a məlumat verən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib ki, digər rayonlarda isə təmizləyici immunlaşdırma tədbirləri aparılıb.
Onun sözlərinə görə, immunlaşdırma tədbirinin təşkili məqsədi ilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rayonlar üzrə kuratorlar təyin olunub, müvafiq sənədlər və təlimatlar hazırlanıb. Kuratorlar tərəfindən Mərkəzdə və müvafiq rayonlarda kampaniyanın keçirilməsi ilə əlaqədar epidemioloq, həkim - pediatr və orta tibb işçiləri üçün seminar məşğələlər keçirilib. Eyni zamanda, respublikada immunlaşdırma kampaniyasının təbliğ olunması məqsədi ilə yerli radio və televiziya kanallarında verilişlər təşkil edilib, respublika və rayon qəzetlərində tədbirin keçirilməsinə dair elan və məqalələr çap olunubdur.
A.Əliyeva bildirib ki, kampaniya müddətində Bakı və Sumqayıt şəhərlərində, Abşeron və Ağcabədi rayonlarında, eləcə digər rayonlarda aparılan təmizləyici immunlaşdırma tədbirləri də daxil olmaqla respublika üzrə 171 min 986 nəfər qızılca və məxmərək əleyhinə peyvəndə cəlb olunub.