Ölkəmizdə indiyədək 2 milyondan çox uşaq icbari tibbi müayinədən keçirilib
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 14-də K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda uşaqların icbari dispanserizasiyası ilə əlaqədar keçirilən mətbuat konfransında məlumat verilib.
İnstitutun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyevin sözlərinə görə, müayinə olunanlar arasında ən çox tənəffüs üzvləri xəstəlikləri müşahidə olunub. Bundan başqa, tibbi müayinədən keçirilən uşaqlar arasında həzm üzvlərinin xəstəliklərinə, virus və yoluxucu xəstəliklərə də rast gəlinir.
Səhiyyə Nazirliyinin baş pediatrı bildirib ki, Azərbaycanda uşaq ölümü göstərici 1992-ci illə müqayisə 3 dəfə azalıb. Səhiyyə Nazirliyi tərəfindən aparılan işlərin də əsas məqsədi ölkəmizdə bu rəqəmlərin daha da azaldılmasıdır. Uşaqların icbari dispanserizasiyası bu rəqəmlərin daha da azalmasına səbəb olacaq.
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev məlumat verib ki, Bakı şəhəri üzrə 682 mindən çox uşaq var, onların 249 mini məktəbəqədər yaşdadır. Uşaqların müayinəsi iki mərhələdə aparılır. Müayinələr zamanı 67 min uşaqda müəyyən xəstəliklər qeydə alınıb. Onlardan 16 min nəfərinin müalicəsi artıq başa çatıb.
Tədbirdə, həmçinin “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanununun əhəmiyyətindən də söhbət açılıb. Qeyd edilib ki, 2012-ci ilin sonlarında “Uşaqların icbari dispanserizasiyası” haqqında qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb və qısa müddətdə bu qanun qəbul edilib. 2013-cü ilin aprel ayında isə bu qanun Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qüvvəyə minib. Diqqətə çatdırılıb ki, Azərbaycan qonşu dövlətlər arasında bu qanunu qəbul edən yeganə ölkədir. Ölkəmizdə ana və uşaqların sağlamlığı ilə bağlı qəbul olunmuş digər sənədlər arasında bu qanun ən mükəmməlidir. Ölkə əhalisinin üçdə birini əhatə edən bu qanunda 18 yaşına kimi bütün uşaqların icbari müayinədən keçirilməsi nəzərdə tutulur. Qanuna əsasən, uşaq anadan olandan iki yaşa kimi ay ərzində 3 dəfə, iki yaşından sonra 6 aydan bir, üç yaşdan 18 yaşa kimi isə ildə 1 dəfə icbari şəkildə müayinədən keçməlidir. Qanun həm tibb işçilərinə, həm də valideynlərə aiddir. Ona görə ki, qanuna görə, valideyn uşağın peyvənd olunmasından imtina edirsə, onda bu barədə yazılı müraciət etməlidir.
Mətbuat konfransında uşaqların icbari tibbi müayinələrə cəlb olunmaları ilə bağlı təbliğat aparılmasının vacibliyi də vurğulanıb.