Ölkəmizdə psixi pozuntudan əziyyət çəkən vətəndaşların hüquq və azadlıqlarının qorunması prioritetdir
Psixi pozuntudan əziyyət çəkən vətəndaşların hüquq və azadlıqlarının qorunması Azərbaycanda da prioritetdir. Hazırda ölkəmizdə psixiatrik yardım 2001-ci il sentyabrın 3-də qəbul olunmuş “Psixiatrik yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Artıq 10 ildir ki, Ümumdünya Psixi Sağlamlıq Günü ölkəmizdə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Psixi Sağlamlıq Mərkəzində keçirilmiş konfransda səslənib.
Tədbirdə çıxış edən respublikanın baş psixiatrı Gəray Gərayzadə ötən dövrdə Ombudsman ilə birgə bir çox psixonevroloji müəssisələrə baxış keçirildiyini deyib.
Konfransda psixiatrların işinin ağır olduğu, onların çalışdıqları müəssisələrdə maddi-texniki şəraitin yaxşılaşdırılmasına ehtiyac duyulduğu, regionlarda bu qəbildən yeni şəfa ocaqlarının tikilib istifadəyə verildiyi, bir qisminin isə əsaslı təmir edildiyi bildirilib. Baş psixiatrla birlikdə Avropa standartlarına uyğun maarifləndirmə tədbirlərinin təşkil olunduğu vurğulanıb.
Psixoloq Yeganə Cəfərova və hüquqşünas Müqalib Məmmədov isə psixi xəstəlikdən əziyyət çəkən şəxslərin hüquqlarının müdafiəsi üzrə müvafiq tədbirlərin görülməsinin, habelə psixiatriya müəssisələrinin tibbi psixoloq, psixoterapevt, sosial işçilərlə təmin edilməsinin Ombudsmanın illik məruzələrində tövsiyə olunduğunu bildiriblər.
Eyni zamanda, yeni hazırlanmış klinik protokolların psixiatriya müəssisələrində işləyən tibb işçilərinə verildiyi və bu protokollardakı tövsiyələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Həmin tövsiyələrin qanunvericiliklə tənzimlənməsinin və bu sahədə vaxtaşırı monitorinqlərin keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.