Ölkəmizdə qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində işlər yüksək qiymətləndirilib
Bakı, 1 sentyabr, AZƏRTAC
Azərbaycana rəsmi səfəri çərçivəsində Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilər və Daxili Köçürülmüş Şəxslərin Məsələləri üzrə nazir müavini Georgi Tukanın başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub.
BAMF-ın prezidenti Umud Mirzəyev qonaqları Fondun fəaliyyəti ilə tanış edib. O, BAMF-ın 25 il ərzində vətəndaş cəmiyyətinin inkişafı, qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işlərdən danışıb. BAMF-ın həyata keçirdiyi humanitar layihələr barədə məlumat verən U.Mirzəyev bildirib ki, Fond müxtəlif beynəlxalq strukturlar, BMT agentlikləri, Azərbaycandakı diplomatik missiyalarla fəal əməkdaşlıq edir.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqının üzləşdiyi Dağlıq Qarabağ münaqişəsindən danışan U.Mirzəyev deyib ki, bu gün etnik təmizləməyə, əraziləri işğala məruz qalan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə hazırda bir milyon iki yüz mindən çox qaçqın və məcburi köçkün var. Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük didərgin yükünə sahib ölkələrdən biridir.
Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilər və Daxili Köçürülmüş Şəxslərin Məsələləri üzrə nazir müavini Georgi Tuka Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək dəyərləndirib. O bildirib ki, ölkəsi qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması, onların hüquqlarının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq hüququn normalarına uyğun olaraq normativ hüquqi sənədlərin hazırlanıb tətbiq edilməsində Azərbaycanın qazandığı təcrübədən yararlanmağa xüsusi əhəmiyyət verir.
Nazir müavini münaqişənin yarandığı vaxtdan beynəlxalq strukturlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həllinə kifayət qədər diqqətin ayrılmamasına və Azərbaycana yardımın göstərilməməsinə təəssüfünü ifadə edib.
Ukrayna nümayəndə heyəti BAMF-ın müharibədən zərər çəkmiş ərazilərdə minalardan təmizlənmə üzrə qrupunun fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə, həmçinin strukturlar arasında məhsuldar əməkdaşlığın qurulması imkanları müzakirə olunub.