ÖLKƏMİZDƏ TARİXİ VƏ MƏDƏNİ ABİDƏLƏRİN QORUNMASI DİQQƏT MƏRKƏZİNDƏDİR
AZƏRTAC xəbər verir ki, aprelin 18-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Beynəlxalq Abidələr gününə həsr olunmuş konfrans keçirilmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əlamətdar hadisə münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirmişdir ki, son illər ölkəmizdə istər tarixi, istər mədəni-dini abidələrə diqqət xeyli artırılmışdır. Onların qorunması, bərpası, təbliği ilə əlaqədar respublikamız bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur. Təkcə ötən il Prezident İlham Əliyev bir neçə tarixi-memarlıq qoruğunun yaradılması haqqında Sərəncam imzalamışdır. Həmin qoruqların ərazisində onlarla mədəni abidələr, dini ocaqlar vardır.
Son vaxtlar AMEA-nın Azərbaycan Tarixi Muzeyinin, Qubanın Rustov və Qusarın ən ucqar kəndindəki məscidlərin, Hacıqabul rayonundakı Pirhəsən dini ocağının və s. əsaslı təmirdən sonra istifadəyə verildiyini diqqətə çatdıran natiq bildirmişdir ki, ölkəmizdə dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələrə, onların bərpasına və qorunmasına xüsusi qayğı ilə yanaşılır. Eyni zamanda Prezidentimizin göstərişi ilə Bakı şəhərinin görkəmi gün-gündən dəyişir. Tarixi binalar bərpa olunur, müasirləşdirilir.
Azərbaycanda iki tarixi memarlıq abidəsinin Dünyanın Mədəni İrs siyahısına salınmasını son vaxtlar mədəni irsimizin beynəlxalq aləmdə aparılan təbliğat işinin uğuru kimi vurğulayan nazir, gələcəkdə də bu istiqamətdə təbliğatın gücləndirilməsinin vacibliyindən danışmışdır. O, abidələrimizin tanıdılmasında Bakıda keçirilən beynəlxalq tədbirlərin xüsusi əhəmiyyətini qeyd etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu direktorunun müavini Nəcəf Müseyibli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru Gülçöhrə Məmmədova, Milan Universitetinin professoru, doktor Luici Skripzi, Fransa Milli Araşdırmalar Mərkəzinin tədqiqatlar üzrə direktoru, arxeoloq Bermiy Lione konfransda çıxış etmişlər. Natiqlər xarici ölkədən olan tərəfdaş qrumlarla birgə layihələrin həyata keçirilməsi sahəsində görülən işlərin vəziyyətindən danışmışlar.
Tədbirdə vurğulanmışdır ki, ermənilər ənənəvi çirkin əməllərini bu gün də həyata keçirməyə çalışır, Azərbaycana aid mədəni-tarixi, mənəvi abidələri öz adlarına çıxmağa cəhd göstərirlər. Bunun qarşısının alınmasında ən vacib yollardan biri beynəlxalq aləmdə öz abidələrimizə sahib çıxmaqdır. Konfransda bu istiqamətdə müxtəlif təkliflər səsləndirilmişdir.
Axırda konfrans iştirakçıları Beynəlxalq Abidələr gününə həsr olunmuş fotosərgiyə baxmışlar.