“Ölkəmizi tanıyaq”: Abşeron və Oğuz məktəbliləri intellektual oyunun qalibi olublar
Gəncə, 29 mart, Rauf Hacıyev, AZƏRTAC
Ötən dörd gündə Gəncə şəhəri, Göygöl və Şəmkir rayonları ilə tanış olan, tarixi abidələrə, turizm obyektlərinə və istehsal müəssisələrinə ekskursiya edən Abşeron, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, İmişli və Füzuli məktəbliləri arasında “Nə? Harada? Nə zaman?” milli intellektual oyunu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Ölkəmizi tanıyaq” layihəsinin sonuncu günü Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən oyunda məktəblilər biliklərini nümayiş etdiriblər. Məlumat verilib ki, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ənənəvi olaraq təşkil edilən bu intellektual oyunun keçirilməsində məqsəd şagirdlərin biliklərini və dünyagörüşlərini artırmaq, savadlı gəncləri aşkara çıxarmaqdır.
Sonra intellektual oyunlara start verilib. İki saat davam edən yarışda ümumilikdə 42 komanda iştirak edib. Məktəblilər hər birinin tərkibində 6 nəfərin olduğu 6 qrupa bölünüblər. İştirakçılara “Ölkəmizi tanıyaq” layihəsinə uyğun olaraq məntiq, tarix, Azərbaycan filmləri, dünyagörüşü, abidələrimiz, dahi şəxsiyyətlər, dünyada baş verən maraqlı hadisələr, məktəbdə tədris olunan fənlər üzrə 24 sual verilib. Şəffaflığın təmin olunduğu yarış gərgin mübarizə şəraitində keçib.
Oyunun nəticələrinə görə, Abşeronun “Xəmsə” komandası birinci yeri, “Qəzəlxan” komandası ikinci yeri, Oğuz məktəblilərinin təmsil olunduğu eyniadlı komanda isə üçüncü yeri tutub. Qaliblərə kubok, medallar və sertifikatlar təqdim olunub.