ÖLKƏYƏ 7 MİN TON YÜKSƏK REPRODUKSİYALI BUĞDA TOXUMU GƏTİRİLMİŞDİR
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, ərzaq təhlükəsizliyinin təmin olunması üçün dövlət başçısının Sərəncamı ilə ayrılmış 5 milyon manat vəsaitə Rusiyanın Krasnodar vilayətindən 7 min ton (114 vaqon) yüksək reproduksiyalı buğda toxumu alınıb gətirilmişdir.
Buğda toxumu ilə yanaşı ölkəyə 10 milyon manatlıq gübrə də gətirilmişdir. Artıq aqrolizinqlər vasitəsilə yerlərdəki bazalara çatdırılan hər iki məhsul fermerlərə güzəştli qiymətlərlə təklif olunur. Toxum istehsal etmək üçün şəhadətnaməsi olan sahibkarlara veriləcək buğda toxumunun dəyərinin 50 faizini, gübrənin isə 70 faizini dövlət ödəmişdir. Hökumətin qərarı ilə bu il də yüksək məhsuldarlıqlı ER-1 və ER-2 toxumu istehsal edən fermerlərə subsidiyaların verilməsi nəzərdə tutulmuşdur. Həmin toxum növlərinin 1-ci sortu 40, 2-ci sortu isə 30 qəpikdən alınacaqdır.
Ölkədə bu il də buğda əkininə xüsusi diqqət yetirilir. Artıq ölkədə payızlıq buğda əkini başlamışdır. Dağlıq rayonlarda bu proses artıq başa çatmışdır. Noyabrın ortalarında isə aran rayonlarında əkin yekunlaşdırılacaqdır. Ötən mövsümdə 603 min hektar sahədə taxıl əkilmişdisə, bu mövsümdə əkin sahələri 17 min hektar artırılmışdır. Gələn ilin payızında isə buğda əkini sahələrinin 650 min hektara çatdırılması planlaşdırılır.
Bu il Azərbaycanda 1 milyon 673 min ton taxıl istehsal olunmuşdur. Həmin məhsulun 130-135 min tonu növbəti toxum fondu üçün saxlanılmış, aşağı keyfiyyətli 300-350 min tonu heyvandarlıq sahəsinə ayrılmış, 5 faizlik hissə isə taxılçılığın sığortalanmasına yönəlmişdir. Qalan 1 milyon 200 min tondan çox taxıl isə çörək sənayesi üçün nəzərdə tutulmuşdur.