“Ölməz qəhrəmanlar” - Şamaxı Astrofizika Rəsədxanasında Anım Günü
Bakı, 25 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında və onun Bakı bölməsində 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Ölməz qəhrəmanlar” adlı tədbir keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, tədbirlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edərək 27 Sentyabrın xalqımızın yaddaşında Vətən müharibəsinin başlandığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin yad edildiyi mühüm tarix olduğunu bildirib. O qeyd edib ki, şəhidlərin həyat yolu və göstərdikləri qəhrəmanlıq Azərbaycan xalqının yaddaşının ayrılmaz hissəsidir. Baş direktor rəsədxanada çalışan müharibə iştirakçılarına, şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Rəsədxananın icraçı direktoru professor Nəriman İsmayılov 2020-ci ilin sentyabrında başlayan hərbi əməliyyatlara aparan tarixi proseslərdən danışıb. O, uzun illər davam edən işğal nəticəsində insanların doğma yurdlarından didərgin düşdüyünü, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl siyasət həyata keçirildiyini bildirib.
Elmi əlaqələr və təşkilati məsələlər şöbəsinin müdiri Kamal Hüseynov Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun qarşıya qoyulan hərbi-strateji vəzifələri yerinə yetirməsindən danışıb.
Daha sonra “XXI əsrin igidlik salnaməsi” adlı videoçarx nümayiş etdirilib.
Bakı bölməsində keçirilən tədbirdə İnformasiya təminatı və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Salehli şəhidlərin göstərdikləri qəhrəmanlığın xalqın yaddaşında əbədi yaşayacağını bildirib. O, Anım Gününün qeyd olunmasının şəhidlərin xatirəsinin yaşadılması ilə yanaşı, gənc nəslin milli-mənəvi dəyərlər və vətənə bağlılıq ruhunda formalaşması baxımından əhəmiyyətini vurğulayıb.
Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri, astronomiya elmləri doktoru, dosent Canməmməd Rüstəmov Qarabağın Azərbaycanın tarixində və milli yaddaşında xüsusi yer tutduğunu qeyd edib. O, işğaldan azad edilmiş ərazilərdə tarixi və mədəni irsin qorunmasının, həmçinin aparılan bərpa və quruculuq işlərinin əhəmiyyətindən danışıb.
Digər çıxışlarda şəhid və qazilərin göstərdiyi igidliyin gənc nəsil üçün nümunə olduğu vurğulanıb.
Sonda rəsədxananın rəhbərliyi və əməkdaşları Şamaxı Şəhidlər xiyabanını ziyarət ediblər.