Ölümlərin çoxu təhlükəli qidalarla bağlıdır
Bakı, 19 fevral, AZƏRTAC
Dünyada hər il təxminən 2 milyon adamın, xüsusilə uşaqların ölümü təhlükəli qidalarla bağlıdır. Ərzaq məhsullarının tərkibində olan patogen bakteriya, virus, parazit və ya kimyəvi maddələr ishaldan tutmuş xərçəngə qədər 200-dən çox xəstəliyə səbəb olur.
Qida məhsulları üçün daim yeni təhlükələr var. Ərzaq məhsullarının istehsal texnologiyasında, bölüşdürülməsi və istehlakında dəyişikliklər, eləcə də ətraf mühitdə baş verən dəyişikliklər, mikroblara müqavimət - bütün bu amillər hər bir ölkənin milli qida təhlükəsizliyi sistemi üçün problemlər yaradır. Bununla yanaşı, beynəlxalq ticarət əlaqələrinin genişlənməsi təhlükəli məhsulların yayılması ehtimalını artırır.
Buna görə 2015-ci ildə Ümumdünya Səhiyyə Gününün mövzusu “Ərzaq məhsullarının təhlükəsizliyi” olacaq.
Dünya Səhiyyə Təşkilatı bildirir ki, istifadə etdiyimiz qida məhsullarının təchizatı mənbələri getdikcə qloballaşdığından bütün ölkələrdə ərzaq təhlükəsizlik sistemlərini gücləndirmək lazımdır. Bu səbəbdən Dünya Səhiyyə Təşkilatı qida təhlükəsizliyinin möhkəmləndirilməsinə, o cümlədən qida ilə ötürülən xəstəliklərin yayılmasının qarşısını almağa çalışır. Eyni zamanda, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı da beynəlxalq informasiya şəbəkəsi vasitəsilə ərzaq təhlükəsizliyi sahəsində fövqəladə hadisələr haqqında bütün ölkələri xəbərdar edir.
Qida təhlükəsizliyi - ortaq bir məsuliyyətdir. Ərzaq istehsalı zəncirində hamı təhlükəsizlik qaydalarını gözləməlidir. Bu qaydalara fermerlər və istehsalçılar, eləcə də satıcılar və istehlakçılar ciddi əməl etməlidirlər.
Builki Ümumdünya Sağlamlıq Gününün məqsədi dövlət sektorlarında çalışanların, fermerlərin, satıcıların, səhiyyə işçilərinin diqqətini ərzaq təhlükəsizliyinin əhəmiyyətinə yönəltməkdir.