OMAN SULTANLIĞI VƏ BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ İLƏ PROTOKOL İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 5-7-də iqtisadi inkişaf naziri Heydər Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzv olması məqsədi ilə yaradılmış işçi qrupunun növbəti - 5-ci iclasında iştirak etmək məqsədi ilə Cenevrədə səfərdə olmuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan nümayəndə heyəti mayın 5-də ABŞ nümayəndələri ilə mal və xidmətlər üzrə ikitərəfli danışıqlar aparmışdır. Danışıqlarda xarici işlər nazirinin müavini, Azərbaycanın DTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya sədrinin müavini Mahmud Məmmədquliyev və komissiyanın katibi Ədalət Muradov iştirak etmişlər.
Mayın 6-da işçi qrupunun 5-ci iclası keçirilmişdir. İclasda Azərbaycanı iqtisadi inkişaf naziri Heydər Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. İclasda Azərbaycanın ticarət rejiminə dair DTT üzvlərinin əvvəllər təqdim etdiyi sualların cavabları, eləcə də DTT üzvlərini maraqlandıran digər məsələlər müzakirə olunmuşdur. DTT Katibliyi tərəfindən Faktlar İcmalının hazırlanması barədə qərar qəbul edilmişdir.
Həmin gün Oman Sultanlığı və Birləşmiş Ərəb Əmirlikləri ilə indiyədək aparılmış danışıqların yekunlarına dair ikitərəfli protokol imzalanmışdır. Bununla da, Azərbaycanın DTT-yə üzvlüyünü dəstəkləyən ölkələrlə imzalanmış protokolların sayı 3-ə çatmışdır. İlk protokol 2007-ci ildə Türkiyə ilə imzalanmışdır. Qırğızıstan və Moldova ilə DTT-yə üzvolma ilə bağlı aparılan danışıqlar yekunlaşdırılmışdır. Bu ölkələrlə də ikitərəfli protokolların imzalanması gözlənilir. Gürcüstanla danışıqlar başa çatmaq üzrədir.
Cenevrəyə səfəri zamanı Heydər Babayev DTT yanında ABŞ səfiri Al Alqayir, DTT-nin baş direktoru Paskal Lami və BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Supaçai Panitç Pakdi ilə görüşmüşdür. Azərbaycanın DTT-yə üzvlüyü prosesi çərçivəsində həyata keçirdiyi tədbirlərin geniş müzakirə olunduğu görüşdə M.Məmmədquliyev və Azərbaycanın Avstriyadakı səfiri E.Əmirbəyov iştirak etmişlər.
UNCTAD nümayəndələri ilə keçirilmiş görüşdə H.Babayev ekspertlər və jurnalistlər üçün seminarların keçirilməsini təklif etmişdir. Nazirin bu təklifi razılıqla qarşılanmışdır.
Heydər Babayevin Azərbaycanın DTT-yə üzv olması üzrə İşçi Qrupunun rəhbəri Valter Levarterlə mayın 6-da keçirdiyi görüşündə isə Azərbaycanın DTT-yə üzvlüyünün müxtəlif aspektləri müzakirə olunmuşdur.
Mayın 7-də Azərbaycan nümayəndə heyəti Ekvador, Yaponiya və Çinin Tayvan əyalətinin nümayəndələri ilə görüşmüşdür. Görüşdə bu ölkələri maraqlandıran suallar cavablandırılmışdır.