OMBUDSMAN APARATININ NÜMAYƏNDƏSİ BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK ETMİŞDİR
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvvəkkili Aparatının şöbə müdiri Vüqar Məhərrəmov bu günlərdə Rusiya Federasiyasının Puşkin şəhərində “Polisin fəaliyyəti ilə bağlı şikayətlər - milli strukturlarda insan hüquqları sahəsində müraciətlərin araşdırılması” mövzusunda beynəlxalq tədbirdə iştirak etmişdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, tədbirdə bir sıra ölkələrin insan hüquqları üzrə milli strukturlarının nümayəndələri, BMT və Avropa Şurasının ekspertləri iştirak etmişlər.
Toplantının məqsədi 2008-2009-cu illərdə insan hüquqları üzrə Paris prinsiplərinə əsaslanmaqla müstəqil qeyri-məhkəmə strukturlarının fəal şəbəkəsinin yaradılması, milli strukturların insan hüquqları sahəsində maarifləndirmə fəaliyyətinin genişləndirilməsidir.
Tədbirdə Avropa İnsan Haqları Məhkəməsinin polis tərəfindən insan hüquqlarının pozulması ilə bağlı çıxardığı qərarlar müzakirə edilmiş, işgəncə, qeyri-insani rəftar, davranış qaydaları ətrafında söhbətlər aparılmışdır.
Azərbaycan Ombudsmanının nümayəndəsi təmsilçisi olduğu qurumun polislə bağlı daxil olmuş şikayətlərin araşdırılması qaydalarından, müvəkkilin bu sahədə səlahiyyətlərindən, görülən işlərdən danışmışdır.