Ombudsman: Biz əhalinin bütün təbəqələrinin hüquqlarını ayrı-seçkilik qoymadan müdafiə edirik
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları martın 5-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanında ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, “Əbədi” məşəl abidəsinin önünə əklil qoyulub.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova jurnalistlərə müsahibəsində deyib ki, bu gün Ombudsmanın illik məruzəsi Milli Məclisdə dinləniləcək.
“2018-ci il Azərbaycan tarixində əhəmiyyətli hadisələrlə yadda qalıb. Ölkəmizdə prezident seçkiləri keçirilib, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə qeyd olunub. Ötən il Azərbaycan tarixinə, eyni zamanda, əsaslı islahatlar ili kimi yazılıb. Sosial problemlərin həlli istiqamətində mühüm qərarlar qəbul edilib”, - deyə E.Süleymanova vurğulayıb.
O qeyd edib ki, məhkumların hüquqlarının müdafiəsi Ombudsman kimi onu düşündürən əsas məsələlərdən biridir: “Biz hər zaman əhalinin bütün təbəqələrinin hüquqlarını ayrı-seçkilik qoymadan müdafiə edirik. Bilirsiniz ki, ötən il 600-dən çox məhkum cəzalardan azad edildi. Eyni zamanda, alternativ cəza növləri tətbiq olunur. Hazırda 900 nəfərə yaxın məhkum ailəsindən və cəmiyyətdən təcrid olmadan cəza çəkir”.
E.Süleymanova bildirib ki, hərbi qulluqçuların hüquqlarının müdafiəsi üzrə də müntəzəm tədbirlər görülür və Ombudsman təsisatının illik məruzəsində onların ehtiyaclarının təmin olunması məsələsi də əksini tapıb.