On milyonuncu körpə bu günümüzün, sabahımızın müjdəçisidir
Bakı, 8 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İ.Əbilov adına Mədəniyyət Mərkəzi Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə keçirilən bayram şənliyində iştirak edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Hüseyn Cavid parkında təşkil olunub.
Konsertdə çıxışlarda bildirilib ki, uşaqlar dövlətin gələcəyi, təməlidir. Sağlam təməlimiz olan körpələrin dünyaya gəlişi ilə Azərbaycan əhalisinin sayı artır. Ölkənin 10 milyonuncu körpəsi çiçəklənən ölkəmizin, bu günümüzün, sabahımızın müjdəçisidir.
Tədbirdə Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin ifa etdikləri oynaq, şən musiqi nömrələri şənliyi daha da rövnəqləndirib.