ONLARIN BİZİM KÖMƏYİMİZƏ EHTİYACI VAR
Vidadi küçəsi, 84... Əlil uşaqların bu ünvanda yerləşən “Göy qurşağı” reabilitasiya mərkəzinə hər gün müxtəlif yaşlı uşaqlar gəlir. Onlar buraya yaşıdlarının hələ ömürlərinin ilk günlərində öyrəndikləri qaşıq tutmaq, ayaqqabılarını özləri geymək, sözləri düzgün tələffüz etmək kimi vərdişlərə yiyələnməyə gəlirlər. Uşaq serebral iflic, autizm və Daun sindromu xəstəliklərindən əziyyət çəkən uşaqların valideynlərindən ibarət təşəbbüs qrupu bu ilin mayında səylərini birləşdirərək, övladlarını müstəqil həyata hazırlamaq üçün belə bir mərkəz yaratmaq qərarına gəlmişlər. Valideynlərin sosial reabilitasiyaya və uşaqların cəmiyyətə gələcək inteqrasiyasına yönəldilmiş layihəsi Açıq Cəmiyyət Fondu (SOROS) tərəfindən dəstəkləndi. Qrupun üzvləri Rusiyadakı həmfikirləri – “Daun sindromu” assosiasiyası ilə əlaqə yaratdılar. Burada onlara Sidneyin Makkueri Universitetinin inkişafdan geri qalmış uşaqlara ilkin pedaqoji yardım beynəlxalq proqramı olan “Kiçik pillələr” proqramını təklif etdilər. Layihənin əlaqələndiricisi Yeganə Məmmədəliyevanın sözlərinə görə, layihədə mərkəz 60 xəstə üçün nəzərdə tutulmuşdur. Lakin hələlik burada 45 uşaq təlim keçir. Tibb işçilərinin rəhbərliyi ilə uşaqlar sözləri düzgün tələffüz etməyi öyrənir, müalicəvi bədən tərbiyəsi seansları keçirlər. Onlarda gözəlliyi duymaq və yaradıcılıq qabiliyyətinin inkişafına xüsusi diqqət yetirilir. Uşaqlar burada musiqi dərsləri keçir, xalçaçılıq, toxuculuq sənətlərinin sirlərinə yiyələnirlər. Bu, gələcək həyatlarında onlara kömək edəcəkdir. Valideynlər də yaddan çıxmayıblar. Şənbə günləri psixoloqlar və hüquqşünaslar onlar üçün məsləhət saatları təşkil edirlər. Məşğələlər başa çatdıqdan sonra isə mərkəzin xüsusi avtobusu uşaqları evlərinə aparır. Reabilitasiya mərkəzinin yaradıcıları əyani surətdə yəqin etmişlər ki, cəmiyyətimiz xeyirxah adamlardan xali deyildir. Məsələn, Gənclər, İdman və Turizm Nazirliyi uşaqların yay istirahətini təşkil etmək barədə mərkəzin xahişinə cavab olaraq 15 uşağı on günlüyə nazirliyin Abşerondakı “Cırtdan” düşərgəsinə göndərmişdir. Yasamal rayon bələdiyyəsi də kənarda qalmamışdır. Bələdiyyənin nümayəndələri mərkəzə yardım göstərməyə hazır olduqlarını bildirmişlər. Yeganə Məmmədəliyeva bildirmişdir ki, layihə bir il üçün nəzərdə tutulmuşdur. Bu müddət ərzində uşaqlar burada özlərinə yaxşı dostlar tapmış, müxtəlif sənətlərə yiyələnmişlər. Bəs, bir ildən sonra necə olacaq? Onlar yenədəmi öz problemləri ilə təkbətək qalaraq, beynəlxalq təşkilatların mərhəmətinə ümid bəsləyəcəklər, yoxsa, onlar üçün doğma ocağa çevrilmiş bu evə gələcəklər? Bircə şey şübhə doğurmur ki, onların, hər şeydən çox, bizim köməyimizə ehtiyacı var.