“Onlayn dərs” müsabiqəsinin məktəbdaxili mərhələsi başa çatıb
Bakı, 16 aprel, AZƏRTAC
Ümumi təhsil müəssisələrinin müəllimləri üçün keçirilən “Onlayn dərs” müsabiqəsinin məktəbdaxili mərhələsi başa çatıb.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, müsabiqənin məktəbdaxili mərhələsində hər təhsil müəssisəsi üzrə 3 ən yaxşı onlayn dərs modeli seçilərək [email protected] ünvanına göndərilib. Müsabiqənin şəhər mərhələsində isə məktəblər üzrə ən yaxşı onlayn dərs modelləri seçiləcək.
BŞTİ-nin əmrinə əsasən təşkil olunan müsabiqənin məqsədi ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin onlayn dərslərdəki nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, qabaqcıl təcrübəni öyrənmək, fənlər üzrə ən yaxşı onlayn dərs modellərini müəyyənləşdirməkdən ibarətdir. İki mərhələdən (məktəbdaxili və şəhər) ibarət müsabiqə ibtidai və yuxarı siniflər kateqoriyası üzrə təşkil olunur.
Müsabiqənin nəticələrinə əsasən, ibtidai siniflər kateqoriyası üzrə üç müəllim I, üç müəllim II, üç müəllim III yerlərə, yuxarı sinif kateqoriyası üzrə isə beş müəllim I, beş müəllim II, beş müəllim isə III yerlərə layiq görüləcək.
Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqədə fəal iştirakına görə 15 onlayn dərs tədris edən müəllimə tərifnamə təqdim olunacaq.