OPEC+ üzvü olan 7 ölkə neft hasilatını günlük 188 min barel artıracaq
Bakı, 2 avqust, AZƏRTAC
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupuna üzv 7 ölkə sentyabr ayından neft hasilatını artırmaqla bağlı razılığa gəlib.
AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, OPEC-in bəyanatına görə Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın qlobal bazar şərtlərini və proqnozları qiymətləndirmək üçün keçirdiyi onlayn iclasdan sonra bu qərar qəbul edilib.
İclasda ölkələrin neft bazarında sabitliyi dəstəkləmək istiqamətindəki ortaq öhdəlikləri çərçivəsində və 2023-cü ilin aprelində elan edilən günlük 1,65 milyon barellik əlavə könüllü hasilat ixtisarları daxilində, sentyabr ayından etibarən ümumi hasilatın günlük 188 min barel artırılması razılaşdırılıb.
Qərar çərçivəsində ən yüksək hasilat artımı günlük 62 min barel olmaqla Səudiyyə Ərəbistanı və Rusiyada reallaşdırılacaq. Gələn ay İraq günlük 26 min barel, Küveyt 16 min barel, Qazaxıstan 10 min barel, Əlcəzair 6 min barel, Oman isə 5 min barel hasilat artımına gedəcək.
Qrupun növbəti iclası isə sentyabrın 6-da keçiriləcək.