“Ot Kökləri və İnsan Təhlükəsizliyi” proqramı çərçivəsində daha iki qrant müqaviləsi imzalanıb
Bakı, 31 yanvar, AZƏRTAC
Yanvarın 31-də Yaponiyanın Azərbaycandakı səfirinin iqamətgahında “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə qrant yardımı proqramı çərçivəsində daha iki layihə üzrə qrant müqavilələrinin imzalanma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, qrant müqavilələri səfir Teruyuki Katori ilə “Üçüncü Sektor” və “Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai birliklərinin rəhbərləri arasında imzalanıb.
Mərasimdə çıxış edən səfir qrant yardımı barədə məlumat verib. Bildirib ki, Yaponiya Hökuməti tərəfindən həyata keçirilən “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı İnsan Təhlükəsizliyi ideyasına əsaslanaraq, inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişafa dəstək göstərir. İnsan yaşayışı üçün vacib olan sahələri (təhsil, səhiyyə, yaşayış mühiti) prioritet götürən qrant yardımı proqramı çərçivəsində əhalinin həyat şəraitinə birbaşa təsir göstərən xırda infrastruktur layihələri həyata keçirilir.
T.Katori imzalanan layihələrin Cəlilabad rayonunun Xanəgah kəndində (62 min 868 dollar), Astara rayonunun Hamoşam və Ojakəran kəndlərində (89 min 205 dollar) tibb məntəqələrinin tikintisi ilə bağlı olduğunu bildirib. Müqavilələrə əsasən, hər iki layihənin ümumi məbləği 152 min 73 dollar təşkil edir. Həmçinin qeyd edilib ki, “Ot Kökləri və İnsan Təhlükəsizliyi” proqramı 2000-ci ildən Azərbaycanın bütün ərazisində həyata keçirilir. Bu vaxtadək ümumi məbləği 20 milyon dollardan çox olan 248 belə layihə uğurla başa çatdırılıb.
Sonra QHT rəhbərləri çıxış edərək imzalanan layihələrin həyata keçirilməsinə görə minnətdarlıqlarını bildirib və uğurla başa çatmasını diləyiblər.