Ötən ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 5 min 639 müraciət daxil olub
Bakı, 3 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində yanvar ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, ötən ay Təhsil İdarəsinə ümumilikdə 5 min 639 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll edilib.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1134 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2656 vətəndaş müraciəti daxil olub. Onlardan 151 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların Qəbulu Mərkəzində 1442 sənəd (vətəndaşlar tərəfindən 469 ərizə, Təhsil Nazirliyindən 160, digər qurumlardan 185, məktəblərdən 425 məktub, 61 strukturdaxili yazışma və 142 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 256 elektron müraciətə baxılıb.
Müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagirdlərin yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.
Qeyd edək ki, yanvar ayı ərzində, həmçinin BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 8 rayonu (Suraxanı, Xətai, Səbail, Yasamal, Qaradağ, Xəzər, Sabunçu və Pirallahı rayonları) üzrə səyyar qəbul keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.