CƏMİYYƏT
“Öz biznesinin sahibi ol” layihəsi çərçivəsində əlilliyi olan 120-dən çox qadın mikrobiznes fəaliyyətinə başlayıb
Bakı, 28 fevral, AZƏRTAC
Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti ilə birgə Finlandiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə ötən ilin iyunundan bu ilin fevralınadək icra etdiyi “Öz biznesinin sahibi ol” layihəsinin nəticələrinin təqdimatına həsr olunmuş konfrans keçirib.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a verilə məlumata görə, İctimai Birliyin sədri, layihə rəhbəri Məhluqə Rəhimova layihənin məqsədləri, görülən işlər, əlilliyi olan qadınlara verilən texniki dəstək barədə danışıb. Onun verdiyi məlumata görə, Qusar, Biləsuvar və Qazax rayonlarında 120-dən çox əlilliyi olan qadınları və qızları əhatə edən layihə çərçivəsində biznes biliklərinə dair 30 saatlıq təlim kursları keçirilib, fərdi biznes planların tərtib edilməsi üçün məsləhətlər verilib. Layihə rəhbərinin dediyinə görə, onların arasında mikrobiznes fəaliyyətini başlamaq və inkişaf etdirmək üçün texniki dəstək almaq üçün müsabiqə keçirilib. Müsabiqədə qalib gələn 26 layihə iştirakçısına seçdiyi biznes növünə və müraciətlərinə əsasən müxtəlif avadanlıqlar, materiallar və sairə inventar təqdim olunub və müxtəlif sahələrdə mikrobiznes işini başlayan həmin xanımlara texniki dəstək verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfov əlilliyi olan insanlara dövlətin qayğısı, onların məşğulluğunun dəstəklənməsi sahəsində görülən işlər və bu sahədə olan yeniliklər barədə danışıb.
Ombudsman Aparatının insan hüquqları, mülki və siyasi hüquqların müdafiəsi sektor müdiri Rəşad Novruzov, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun elmi işlər üzrə direktor müavini Lalə Məmmədova, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, layihə iştirakçılarından Sara Əliyarova və başqaları layihənin uğurlarından bəhs ediblər.