Özbaşına tikintiyə mülkiyyət hüququnu necə əldə etmək olar?
Bakı, 17 noyabr (AZƏRTAC). Mülkiyyət hüququ ilə bağlı ölkəmizdə ən geniş yayılan problemlərdən biri özbaşına tikintinin aparılması ilə bağlıdır.
Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Tahir Əliyev AZƏRTAC-a bildirmişdir ki, özbaşına tikintiyə bu məqsədlər üçün ayrılmayan torpaq sahəsində lazımi icazələr alınmadan şəhərsalma və tikinti normalarını, qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak aid edilir.
Hüquqşünas qeyd etmişdir ki, özbaşına tikinti aparmış şəxsin mülkiyyət hüququ tanınmır. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq və digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Lakin Mülki Məcəllənin müəyyən etdiyi tələblər daxilində həmin tikintiyə dair mülkiyyət hüququ əldə etmək mümkündür və bu, yalnız məhkəmə yolu ilə həyata keçirilə bilər. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o halda tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi həmin şəxsin mülkiyyətində olsun. Digər şərt isə həmin tikintinin başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmaması, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmamasıdır.
Hüquq məsləhətçisi diqqətə çatdırmışdır ki, özbaşına tikinti aparmış şəxs həmin tikintiyə mülkiyyət hüququ əldə etmək üçün ilk olaraq məhkəməyə müraciət etməli, məhkəmə tikinti aparılmış torpaq sahəsinin həmin şəxsin mülkiyyətində olmasını, digər şəxslərin hüquqları və qanunla qorunan mənafelərini pozmamasını, fiziki şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükə yaratmamasını araşdırmalıdır. Yalnız göstərilən şərtlər daxilində özbaşına tikintiyə mülkiyyət hüququ əldə edilə bilər.
Özbaşına tikintinin sökülməsi ilə bağlı problemlərə də toxunan hüquqşünas bildirmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmə qərarına əsasən sökülə bilər.