Özbəkistan miqrasiya idarəçiliyi sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlıdır
Bakı, 12 noyabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov ilə görüşüb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb. İki ölkə arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Xidmət rəisi miqrasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb. Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin fəaliyyət dairəsi, eləcə də COVID-19 pandemiyası dövründə miqrasiya idarəçiliyində tətbiq olunan yanaşmalar barədə qonağı məlumatlandırıb. Azərbaycanla Özbəkistan arasında miqrasiya sahəsində hüquq-müqavilə bazasının gücləndirilməsi istiqamətində görülən işlərin önəminə diqqət çəkilib, qanunsuz miqrasiya sahəsində əməkdaşlıq, eləcə də icazəsiz yaşayan şəxslərin readmissiyası ilə bağlı müvafiq beynəlxalq müqavilələrin imzalanması ilə mövcud əməkdaşlığın daha da güclənəcəyinə əminlik ifadə olunub.
Səfir Bahrom Aşrafxanov ilk növbədə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə və işğal altında olmuş torpaqlarımızın azad olunması ilə əlaqədar təbriklərini çatdırıb və Azərbaycanın 30 illik haqq mübarizəsini daim dəstəklədiyini bildirib. COVID-19 pandemiyası dövründə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin olunması üçün Xidmət tərəfindən həyata keçirilən tədbirlərin yüksək qiymətləndirildiyini bildirən səfir miqrasiya idarəçiliyi sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsində, eləcə də bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Xidmət rəisi Azərbaycan Prezidentin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması ilə regionda artıq sülhün bərqərar olduğunu, inkişaf üçün yeni imkanların yarandığını diqqətə çatdırıb. Azad olunmuş torpaqlarda yenidənqurma və bərpa işlərinin sürətlə davam etdirildiyini bildirən Vüsal Hüseynov bu proseslərin xüsusilə əmək miqrasiyası sahəsində dinamikaya təsirinin rolunu vurğulayıb.
Sonda əmək miqrasiyası da daxil olmaqla, miqrasiya idarəçiliyinin müxtəlif istiqamətlərində, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə həyata keçirilən “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.