Özbəkistan Prezidenti əfqanıstanlı həmkarı ilə görüşüb
Daşkənd, 26 mart, АZƏRTAC
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 27-də Daşkənddə Əfqanıstan üzrə keçiriləcək “Sülh prosesi, təhlükəsizlik sahəsində əməkdaşlıq və regional qarşılıqlı fəaliyyət” adlı beynəlxalq konfransda iştirak etmək üçün bu şəhərə səfərə gələn Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və ABŞ dövlət katibinin müavini Tomas Şennon ilə görüşüb.
Özbəkistan və Əfqanıstan prezidentlərinin görüşündə iki ölkə arasında nəqliyyat, energetika, ticarət, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Əfqanıstanda sülhün və sabitliyin bərpa edilməsi üzrə martın 27-də Daşkənddə keçiriləcək beynəlxalq konfransın gündəliyi və digər məsələlər də diqqət mərkəzində olub.
Tomas Şennonla görüşdə ABŞ-ın aparıcı şirkətləri və bankları ilə Özbəkistan arasında ticarət, sərmayə qoyuluşu və yüksək texnologiyalar sahələrində birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd